Zeynəb Xanlarovanın məhkəməsində dava düşdü - EKSKLÜZİV

Bu gün Səbael rayon məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə adı Xalq artisti Zeynəb Xanlarova ilə pul qalmaqalında hallanan Türkiyə vətəndaşı Seyfi Azərioğluya qarşı növbəti məhkəmə prosesi keçirilib. AzNews.az-a daxil olan məlumata görə, məhkəmə prosesində tərəflərin nümayəndələri arasında qalmaqal yaranıb.

Belə ki, Seyfi Azəroğlunun vəkili Müzəffər Baxışov Zeynəb Xanlarovanın vəkili Aslan İsmayılovun nümayəndə kimi işə buraxılmasına etiraz edib. Eyni zamanda, Aslan İsmayılovun mətbuatdakı çıxışlarına əsasən, hakimdən Aslan İsmayılovun işə şahid kimi cəlb edilməsini xahiş edib.

S.Azəroğlunun nümayəndəsi, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin təmsilçisi Asima Nəsirlinin bildirdiyinə görə, hakim vəsatətləri təmin etməyərək, bunu Aslan İsmayılovun bu iş üzrə əvvəllər şahid kimi dindirilməməsi ilə əlaqələndirib. A.Nəsirli Zeynəb Xanlarovanın konsertinin reklamının getdiyini əks etdirən Los-Anceles şəhərində çap olunan qəzetin bir nüsxəsini məhkəməyə təqdim edib. Aslan İsmayılova Maral Hüseynova ilə Seyfi Azərioğlu arasında müqavilənin imzalanma tarixi, M.Hüseynovanın S.Azəroğluna 112 min ABŞ dolları məbləğində pulu harada verməsi kimi suallar verilib: "Aslan İsmayılov ona nümayəndə kimi verilən sualları cavablandırmaqdan imtina etdi. Məhkəmə araşdırılması başa çatdı və məhkəmə çıxışlarına başlanıldı. Aslan İsmayılov məhkəmə çıxışını bir cümlə ifadə edərək qeyd etdi ki, o iddiaçının iddiasını tam müdafiə edir".

Seyfi Azərioğlunun nümayəndəsi Asima Nəsirli isə çıxışında müqavilənin iddiaçının iddia etdiyi kimi, 25 yanvar 2013-cü il tarixdə deyil, 6 aprel 2013-cü il tarixdən sonra imzalandığını bildirib. Asima Nəsirli çıxış edərək, bu səbəbdən iddiaçının iddiasının əsassız hesab edilməsi, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş edib.

Qalmaqal da elə vəkillərin çıxışı zamanı qalmaqal yaranıb. AzNews.az-a daxil olan məlumata görə, Müzəffər Baxışov və Aslan İsmayılov arasında yaranan mübahisə zamanı hətta təhqiramiz ifadələr də işlədilib.

A.İsmayılov AzNews.az-a açıqlamasında məhkəmədə təhqir olunduğunu və qarşı tərəfin onu qalmaqala çəkmək istədiyini bildirib: "Mən heç nə demədim. Hakimə müraciət edərək, onları intizama dəvət etməsini istədim. "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev özü onlara bir neçə dəfə asta danışmaq üçün irad tutdu".

A.İsmayılovun sözlərinə görə, budəfəki məhkəmə prosesindən sonra növbəti prosesə qatılmamaq barədə qərar verib: "Mən növbəti prosesə qatılmayacağam, nümayəndə göndərəcəyəm. Məhkəmə hansı qərarı çıxararsa, həmin qərar münasibət bildirərik. Əgər məhkəmədə mətbuat nümayəndələri iştirak edərsə, ancaq o zaman posesə qatıla bilərəm".

S.Azəroğlunun səlahiyyətli nümayəndəsi Asima Nəsirli isə mübahisənin məhz Aslan İsmayılovun başlatdığını deyib.

O, AzNews.az-a açıqlamasında bildirıb ki, A. İsmayılov zala daxil olan kimi A.Nəsirlinin mətbuatdakı müsahibəsinə diqqəti çəkib: "Aslan müəllim soruşdu ki, məni çarmıxa çəkən qız sənsən? Daha sonra Seyfi Azəroğlunu "dələduz" adlandırdı. Onun Türkiyədə axtarışda olduğunu bildirdi. Mən ona cavab verəndə mənə "səsinizi kəsin" dedi və bundan sonra mübahisəyə Müzəffər Baxışov müdaxilə etdi".

Xatırladaq ki, növbəti məhkəmə prosesi sentyabrın 25-nə təyin edilib.

Mövzu ilə bağlı bundan əvvəlki yazıları bu linklərdən oxuya bilərsiniz:
http://www.aznews.az/site/index.php?c=news&id=35046

http://www.aznews.az/site/index.php?c=news&id=34827

http://www.aznews.az/site/index.php?c=news&id=34820

http://www.aznews.az/site/index.php?c=news&id=34652


Elnarə
AzNews.az