Azərbaycanda QHT-lər haqqında tədbir görüləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bağladığı müqavilənin şərtlərini pozan və layihənin icrası zamanı ciddi nöqsanlara yol verən QHT-lər haqqında tədbir görüləcək.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Şura sədri Azay Quliyev 2013-cü ilin birinci maliyyə müsabiqəsi üzrə dəstəklənən layihələrin icra vəziyyətinə həsr olunmuş müşavirədə deyib.

Şura sədri ilkin tədbir kimi qurumun Əsasnaməsinin 2.3.10-cu maddəsinə uyğun olaraq, bu cür QHT-lərin növbəti 2 il müddətində maliyyə müsabiqəsində iştirak etmək hüququndan məhrum olunmasının və adlarının mətbuatda dərc edilməsinin vacibliyini qeyd edib.
Müşavirədə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 343 layihənin icrası ilə əlaqədar mövcud vəziyyət, QHT-lər tərəfindən yol verilən nöqsanlar, qarşıya çıxan çətinliklər, Katibliyin əməkdaşlarının peşəkarlıq səviyyəsi və digər məsələlər haqqında Şura sədrinə ətraflı məlumat verib.

Katibliyin əməkdaşları bir sıra QHT-lərin layihələrin icrasında və hesabatların tərtibatında ciddi nöqsanlar buraxdıqlarını, həmçinin müqavilə öhdəliklərinə tam əməl etmədiklərini və hesabatların təqdimatında əsassız gecikmələrə yol verdiklərini bildirdilər.

Sonda A.Quliyev Katibliyin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, QHT-lərin KİV-lə əlaqələrinin düzgün qurulması istiqamətində yeni təlim proqramlarının həyata keçirilməsi haqqında Katibliyə müvafiq tapşırıqlar verib.

AzNews.az