İranda girov qalan körpənin cəsədi Bakıya gətirildi

Təbrizin Mərkəzi Uşaq Xəstəxanasında vəfat edən Məmmədli Kazım Nadir oğlunun cəsədi artıq Azərbaycana gətirilib.

Bunu Lent.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev söyləyib.

Qeyd edək ki, Təbrizin Mərkəzi Uşaq Xəstəxanasında müalicə olunan bir yaşlı azərbaycanlı körpə Kazım Məmmədli sentyabrın 20-də vəfat edib. Körpənin atası Nazir Məmmədəli mətbuata açıqlamasında bildirib ki, 50 gündür Təbriz şəhərindədirlər. Xəstəxana rəsmiləri N. Məmmədlidən 8 min manat tələb edib, pasportlarını da əllərindən alıblar. O, xəstəxananın meyiti götürmək üçün pulu ödəməyi tələb etdiyini bildirib. Nazir Məmmədli bununla bağlı Azərbaycanın Təbrizdəki konsulluğuna da müraciət etdiklərini nəzərə çatdırıb. Nazir Məmmədli deyib ki, konsulluqdan ona bildirilib ki, bazar ertəsi iş günüdür, həmin gün konsulluğa gəlsin.

Elman Abdullayev isə deyib ki, Kazım Məmmədlinin ekspertiza sənədləri sentyabrın 22-də alınıb. Azərbaycanın Təbrizdəki konsulluğu ekspertiza, cənazənin Azərbaycana gətirilməsində, sənədlərin rəsmiləşdirilməsi işlərinin aparılmasında iştirak edib, cənazənin Biləsuvar buraxılış məntəqəsindən keçirilməsi ilə bağlı müraciət olunub: "Kazım Məmmədlinin cənazəsi sentyabrın 22-də Bakıya gətirilib".

AzNews.az