Azərbaycanla İsrail arasında viza rejimi ləğv olunur

"Gələn ay Azərbaycan və İsrail arasında xidməti və diplomatik pasportlara malik şəxslər üçün viza rejiminin aradan qaldırılması gözlənilir".

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.

Səfir bildirib ki, viza rejiminin ləğvi ilkin olaraq diplomatik və servis pasportları olan insanlara şamil olunacaq: "Bu, iki ölkə arasında imzalanan müqavilənin ilkin hissəsi olacaq. İnanırıq ki, gələcəkdə Azərbaycan vətəndaşlarının İsrailə vizasız getmələrinə şərait yaradılacaq. Əgər statistikaya baxsaq görərik ki, ildən-ilə Azərbaycandan İsrailə gedən, İsraildən Azərbaycana gələn turistlərin sayı artır. Bütün bunları düşünərək vətəndaşlar üçün də vizasız gediş-gəlişin yaradılması lazımdır".

Rafael Harpaz onu da deyib ki, İsrail Azərbaycanla mədəniyyət, səhiyyə və digər sahələrdə də yaxından əməkdaşlıq edir: "Elə bu yaxınlarda 3 azərbaycanlı muğam ifaçısının İsraildə konserti olub. Oktyabrın sonlarında isə İsrailin məşhur caz ifaçısı Azərbaycanda konsert verəcək".

AzNews.az