Baş Prokurorluqda konfrans keçirildi

Sentyabrın 26-dа Baş Prokurorluğun Elm-Tədris Mərkəzində "Azərbaycan Respublikasının hüquq sisteminin inkişafında prokurorluq orqanlarının rolu" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan xəbərə görə, konfransın işində Baş Prokurorluğun məsul vəzifəli şəxsləri, Konstitusiya və Bakı Apellyasiya məhkəmələrinin hakim və aparat işçiləri, Daxili İşlər Nazirliyinin, Vəkillər Kollegiyasının nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini Rüstəm Usubov Azərbaycan Prokurorluğunun tarixi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin təmsil edən Vüqar Tağıyev, Vəkillər Kollegiyasının üzvü Elmar Kərimov, Qusar rayon prokuroru Zahid Vəliyev, Salyan rayon prokuroru Firdovsi Nemətli, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Rövşən Əliyev və digər natiqlər insan hüquq və azadlıqlarının müdafiəsində prokurorluğun rolu, korrupsiyaya qarşı mübarizənin inkişaf perspektivləri, rayon prokurorluqlarında işin, o cümlədən vətəndaşların qəbulu və müraciətlərə baxılması işinin təşkili məsələləri ətrafında çıxış ediblər.

Rüstəm Usubov konfransa yekun vuraraq, onun səmərəli keçməklə canlı müzakirələrlə müşayiət edildiyini, iştirakçılar tərəfindən məhkəmə-istintaq təcrübəsinin və qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret maraqlı təkliflər səsləndirildiyini, prokurorluğun müasirləşdirilməsi üçün onun fəaliyyətinin hüquqi və metodoloji əsaslarının, təcrübənin daimi təkmilləşdirilməsinin vacib olduğunu qeyd edərək, tədbirin bu istiqamətdə atılan addımlardan biri olacağını bildirib.

AzNews.az