Daha bir kəndə su verildi- Foto


Içməli sudan əziyyət çəkən Salyan rayonunun Xıdırlı kəndinə bu gün su verilib. Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən AzNews.az-a məlumat daxil olub. Məlumata görə, suyun verilişi "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində reallaşıb.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov r Xıdırlı kəndinin uzun müddətdir ki, mövcud olan içməli su probleminən danışıb. O, "Azərsu" ASC tərəfindən həyata keçirilə layihənin icrası nəticəsində qısa müddətdə kəndin su təchizatının yaxşılaşdırıldığını diqqətə çatdırıb. O, gələcəkdə rayonun digər kəndlərində də içməli su layihələrinin icra ediləcəyini bildirib. "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq içməli su çatışmazlığı müşahidə olunan yüzlərlə yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirib: "Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq içməli su problemi müşahidə olunan kəndlərdə təxirəsalınmaz tədbirlər görülür. Bəzi kəndlərdə ilk dəfə olaraq mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır, elə kəndlərimiz də var ki, həmin yerlərdə vaxtilə yaradılmış infrastruktur istismar müddətini başa vurduğundan əhalinin tələbatını ödəmək iqtidarında deyil. Xıdırlı kəndində də belə vəziyyət yaranıb və layihə çərçivəsində kəndə yeni magistral su xətti çəkilib. 2013-cü ildə "Azərsu" ASC tərəfindən Masallı, Yardımlı, Lerik, Qusar, İsmayıllı, Qobustan, Balakən, Zaqatala, Gədəbəy və digər rayonların kəndlərində su layihələrinin icrasına başlanıb və bəzi yaşayış məntəqələrində işlər yekunlaşıb".

Etibar Məmmədov 2014-cü ildə Şirvan-Muğan kəmərindən Salyan rayonunun 17 kəndinə keyfiyyətli suyun veriləcəyini də diqqətə çatdırıb.
Mərasimdə çıxış edən kənd sakini İmran Feyzullayev uzun illərdir içməli sudan əziyyət çəkdiklərini və suyu maşınlarla aldıqlarını bildirib. O, kəndin su təchizatının yaxşılaşdırılmasını böyük sevinclə qarşıladıqlarını, göstərilən qayğıya görə ölkə rəhbərliyinə, millət vəkillərinə və "Azərsu" ASC-nin kollektivinə minnətdarlığını bildirib.

Qeyd edək ki, "Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi" kəndin 3312 sakininin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihəyə uyğun olaraq kəndə su Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı kəmərindən verilir. Bu məqsədlə 15,7 km uzunluğunda yeni magistral su xətti çəkilmiş və mövcud şəbəkəyə birləşdirilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək yenisi tikilmiş, müxtəlif diametrli polietilen borularla 19 km uzunluğunda kənddaxili şəbəkə yaradılıb və hazırda bu sahədə işlər davam etdirilir. Layihə çərçivəsində hər birinin tutumu 300 kubmetr olan mövcud 2 ədəd su anbarı təmir olunacaq. Paylayıcı şəbəkədə işlər tam başa çatandan sonra hər bir evə birləşmə veriləcək. Onu da bildirək ki, Xıdırlı kəndinin su təchizatı sistemi ötən əsrin 70-80-ci illərində yaradılıb. Uzun müddətdir istifadə olunan magistral və paylayıcı su xətləri, anbarlar və nasos stansiyası istismara yararsız vəziyyətə düşüb. Üstəlik həmin infrastruktur kəndin yalnız 30 faizini əhatə edirdi və mərkəzləşmiş qaydada içməli su ilə təmin olunan istehlakçılar sutka ərzində cəmi 1-2 saat su alırdı.

AzNews.az