"Mühafizə-rejim tədbirləri gücləndirilib" "Mühafizə-rejim tədbirləri gücləndirilib"

Nazirlik prezident seçkiləri ilə bağlı tədbirlər planını açıqladı

"Mühafizə-rejim tədbirləri gücləndirilib"






Oktyabrın 7-dən 13-dək Daxili İşlər Nazirliyinin (DİN) bütün orqan və hissələri gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai yerlərdə hüquq qaydasının etibarlı təmin edilməsi üçün post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Bu barədə Trend-də eksklüziv açıqlamasında oktyabrın 9-da Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər barədə məlumat verən Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirib.

C.Məmmədov bildirib ki, polis əməkdaşları öz xidməti vəzifələrini seçki məntəqəsindən ən azı 100 metr aralı məsafədə yerinə yetirəcəklər. Seçkiyə aid materialların (protokolların, bülletenlərin) mühafizəsi təmin ediləcək. Çünki Seçki Məcəlləsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polisin səsvermə zamanı seçki məntəqəsində olması qadağandır.

İdarə rəisinin sözlərinə görə, prezident seçkisi ilə bağlı asayişin mühafizəsi, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə dair Tədbirlər Planı, eyni zamanda, əməliyyat şəraitinə uyğun yerli hüquq mühafizə və icra hakimiyyəti orqanları ilə razılaşdırılmış xüsusi tədbirlər planları hazırlanıb. Bundan əlavə, yerlərdən məlumatların vaxtında alınması, əməliyyat şəraitinin nəzarətdə saxlanılması və adekvat tədbirlərin görülməsi məqsədilə ayrı-ayrı xidmətlərin əməkdaşlarından ibarət qərargah yaradılıb: "Mümkün terror, təxribat hallarının qarşısının alınmasına hazırlıq məqsədilə su, hava, dəmiryol nəqliyyatında, avtovağzallarda, limanlarda, diplomatik nümayəndəliklərdə, Bakı Metropolitenində, böyük su tutarlarında, maddi sərvətlər, qiymətli əşyalar və pul vəsaitləri saxlanılan, habelə həyat əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri gücləndirilib."

C.Məmmədov qeyd edib ki, polis əməkdaşları üçün ATƏT-in Bakı Ofisinin nümayəndələrinin və Türkiyə polis ekspertlərinin iştirakı ilə "İctimai toplantıların idarə edilməsi", "Seçkilər zamanı ictimai asayişin mühafizəsi" mövzusunda seminarlar təşkil edilib. Mərkəzi Seçki və Dairə Seçki komissiyaları nümayəndələrinin iştirakı ilə Bakı, Gəncə, Şirvan, Lənkəran, Şəki, Yevlax, Quba şəhər, rayon polis orqanlarında ictimai təhlükəsizlik, qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətlərinin rəhbər əməkdaşları ilə zonalar üzrə seminar-məşğələlər keçirilib. MSK ilə birgə polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair "Yaddaş kitabçası" hazırlanıb və xidməti istifadə üçün DİN-in aidiyyəti strukturlarına, o cümlədən şəhər, rayon polis orqanlarına göndərilib.

Sentyabrın 16-dan etibarən siyasi partiyaların, partiya bloklarının təbliğat, təşviqat apardıqları, yığıncaq və toplantı keçirdikləri ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Bundan əlavə, seçkinin uzun və qısamüddətli müşahidəsi məqsədi ilə Azərbaycana gəlmiş ATƏT-in, AŞPA-nın, MDB-nin, habelə digər beynəlxalq təşkilatların nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

İdarə rəisi bildirib ki, ümumiyyətlə seçkilərlə bağlı yaranmış bütün məsələlərin həlli operativ şəkildə təmin ediləcək: "Dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ həll olunacaq. Zərurət yarandıqda səhhətinə görə seçki məntəqəsinə gələ bilməyən seçicilərin yaşadıqları və digər yerlərə seçki qutusu aparan komissiya üzvlərinin müşayiəti və mühafizəsi təmin ediləcək."

AzNews.az