- Köhnə - Cəmiyyət
- 3 Oktyabr 2013 12:04
- 3 486
“Azərbaycanda real bilik defisiti var”- Ceyhun Bayramov
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq "Təhsil və Karyera" sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə real biliyə qiymət veriləndə diplom xətrinə oxuyanlar işsiz qalacaq. Nazir müavininin sözlərinə görə, Azərbaycanda olan ali təhsil müəssisələri real olaraq yaxşı keyfiyyətli təhsil verə bilirsə, onun kadrların hər zaman ehtiyac yaranacaq. C.Bayramov qeyd edib ki, diplom alan hər kəs öz biliyini sübut etməlidir.
Təhsil nazirinin müavini xaricdə təhsil alan gənclərin Azərbaycanda işlə təmin olunmaması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb: "Çünki burada əsas diplom deyil, güclü biliyə önəm veririk. Bizdə nə qədər ki, diplom önəmli olacaq, gənclərin işlə təminatı problemlərini aradan qaldıra bilməyəcəyik".
C.Bayramov dünyanın müxtəlif universitetlərində təhsil alan gənclərin diplomlarının tanınması məsələsinə də aydınlıq gətirib.
O qeyd edib ki, hər bir kəsin istənilən xarici dövlətdə ali və yaxud hansısa proqramlar çərçivəsində təhsil almaq hüququ var: "Lakin həmin ali təhsil sənədinin Azərbaycan dövlətində tanınması üçün müəyyən prosedurlar var. Əgər hər hansı bir insan xaricdə ali təhsil alırsa və onun təhsilini təsdiq edən sənəd varsa, onu Təhsil Nazirliyinə təqdim etməlidir. Təhsil sənədi bizim prosedurlara uyğundursa, nortifikasiyadan keçir və nəticə olaraq onun sənədini təsdiqləyirik. Bu cür xaricdə təhsil almış gənclərin Azərbaycanın təhsil sisteminə ixtisas uyğunluğu barədə sənəd verilir. Bəzi insanlar var ki, xaricdə birbaşa 3-cü və yaxud 4-cü kursa qəbul olunur və bunu bitirdikdən sonra sənəd alırlar. Biz bu cür sənədləri araşdırır, müddət baxımından həmin şəxsin faktiki olaraq ali təhsil müəssisəsində oxuyub-oxumamasına dair sorğular aparırıq. Bununla bağlı Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidmətindən şəxsin məlumatlarını əldə edirik. Sözügedən təhsil müəssisəsinin ölkəsində hər hansı bir akkreditasiya və lisenziyası olması təsdiqlənməlidir. Hər hansı bir şəxs xarici təhsil müəssisəsində 1-2 il təhsil alırsa, Azərbaycanın Təhsil Nazirliyi tərəfindən onlara sənəd verilmir. Çünki bu cür təhsil alan şəxslər Təhsil Nazirliyinin tətbiq etdiyi proqram və tələblərə uyğun gəlmir".
AzNews.az