Təşkilat sədri “İstanbul Times”ə seçkilərdən danışıb

"Azərbaycanda azad və ədalətli seçkilər olacaq və bu seçkilərin qalibi heç şübhəsiz ki, İlham Əliyev olacaq"

"İslahatçı Gənclər" İctimai Birliyinin(İB) sədri Fərid Şahbazlının Azərbaycanda keçiriləcək 9 oktyabr Prezident seçkiləri ilə bağlı Türkiyənin nüfuzlu media qurumlarına açıqlamaları davam edir. Türkiyənin "İstanbul Times" qəzetinə(http://www.istanbultimes.com.tr/guncel/islihatci-gencler-birligi-h24924.html) açıqlama verən F.Şahbazlı bildirib ki, 9 oktyabrda keçiriləcək seçkilərdə Prezident İlham Əliyev bütün rəqiblərini üstələyir və keçirilən bütün yerli və beynəlxalq sorğular sübut edir ki, 9 oktyabr seçkilərinin favoriti Prezident İlham Əliyevdir.

Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrildiyini deyən F.Şahbazlı qeyd edib ki, bəzi beynəlxalq dairələr ölkədə həyata keçirilən islahatlara kölgə salmaq üçün fəaliyyət göstərirlər. Fərid Şahbazlının sözlərinə görə, Azərbaycanın xarici siyasətdə hücum mövqeyində olması bəzi siyasi çevrələrdə qısqanclıq yaradır: "Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi, iqtisadi uğurları, dünya miqyasında siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi etməsi, ölkə başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt mövqeyi bəzi beynəlxalq dairələr tərəfindən qısqanclıqla qarşılanıb. Xüsusən dünyanın öndə gedən müxtəlif ölkələrində təsir qüvvəsi olan erməni lobbisi bu məsələdə fəallıq göstərir və öz əlaqələri vasitəsilə Azərbaycandakı seçkiləri qaralamağa çalışır. Amma hər kəs bilməlidir ki, Azərbaycanda azad və ədalətli seçkilər olacaq və bu seçkilərin qalibi heç şübhəsiz ki, gənclərin lideri İlham Əliyev olacaq".

Qeyd edək ki, Fərid Şahbazlı bundan əvvəl də Azərbaycandakı prezident seçkiləri ilə bağlı Türkiyənin bir sıra nüfuzlu media quruluşlarına açıqlamalar verib.