Almaniyada Azərbaycana dair müzakirələr aparıldı

Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Forumunun birgə əməkdaşlığı ilə Berlində "Azərbaycan - son on ildə baş verən iqtisadi və ictimai inkişaf" adlı tədbir təşkil edilib.

Tədbirdə son illər Azərbaycanda gedən proseslər müzakirə olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, toplantını AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmailova açaraq bildirib ki, ötən on il ərzində Azərbaycan rəhbərliyinin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz bir dövlət kimi siyasi cəhətdən sabitləşib, dünya iqtisadiyyatında mövqeyi güclənib.

Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirməyə çalışaraq, Avropa məkanına uğurla inteqrasiya edir. Ötən dövrdə Azərbaycanın dövlət səviyyəsində yeridilən xarici siyasəti, o cümlədən xaricdə yaşayan azərbaycanlılarla bağlı diaspor siyasəti dünya azərbaycanlıları tərəfindən də rəğbətlə qarşılanır.

Tədbirdə Berlin Azad Universitetinin əməkdaşı Matias Dornfeldt "Azərbaycan - son on ildə baş verən iqtisadi və ictimai inkişaf" mövzusunda mühazirə ilə çıxış edib. Sərbəst müsahibə şəklində aparılan mühazirə əsnasında M.Dornfeldt Azərbaycanın bütün sahələrində gedən inkişaf prosesinə toxunub. Bununla bağlı ona alman ictimaiyyəti və Azərbaycan diaspor nümayəndələri tərəfindən müxtəlif suallar ünvanlanıb. Tədbiri idarə edən Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani qonağa Azərbaycanla bağlı maraqlı fikirlərinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Dornfeldt son illərdə müxtəlif qeyri-hökumət qurumlarının xətti ilə dəfələrlə Azərbaycanda olub.

Azərbaycana dair müzakirələrdə Almaniya Bundestaqının üzvləri və əməkdaşları, Azərbaycanın Almaniyadakı səfirliyinin, Berlindəki Azərbaycan diasporunun üzvləri, Almaniya və Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlara Azərbaycana dair fotolar nümayiş etdirilib və Azərbaycan musiqisi səsləndirilib.

AzNews.az