Ankara səfirliyi və İstanbul baş Konsulluğunda səsvermə uğurla keçdi

Türkiyədə yaşayan Azərbaycan vətəndaşları üçün Ankara səfirliyi və İstanbul baş Konsulluğunda səsvermə təşkil edilib.

"BBC Azərbaycanca"nın məlumatına görə, səfirlik və Baş Konsulluqdakı seçki məntəqələri Bakı şəhər Yasamal rayon 16 saylı Seçki Dairəsinə bağlıdır.

Ankara səfirliyində təşkil olunmuş seçki məntəqəsinə Qazi Universitetinin professoru Rahilə Şükürova rəhbərlik edir. Səfirliyin girişindən asılmış siyahılarda səs verəcək 576 nəfər seçicinin adı qeyd olunub.

Modern.az xəbər verir ki, məntəqənin sədrinin sözlərinə görə, təxminən yerli vaxtla saat 8-dən başlayaraq məntəqə səsverməyə hazır olub. O deyib ki, yerli vaxtla saat 15.08-də qədər 251 seçici səsverməyə gəlib: "Türkiyədə bu gün iş günü olduğundan seçicilərin sıxlığı səhər iş başlayana qədər və günorta fasiləsində müşahidə edilib. İş gününün sonunda da bu axını gözləyirik".

Onun sözlərinə görə, səsverməyə gələn Azərbaycan vətəndaşları arasında Ankaradakı universitetlərdə dərs deyən müəllimlər, təhsil alan tələbələr, polis və hərbi məktəblərin müdavimləri coxluq təşkil edib.

Rahilə Şükürova deyib ki, "tələbələrin dərslərinə vaxtında yetişə bilmələri və yollarda çox vaxt itirməmələri üçün servis avtobusları təşkil edilib".

İstanbul və yaxın şəhərlərdə yaşayan Azərbaycan vətəndaşları Baş Konsulluqda yaradılmış 16 saylı Yasamal ikinci Secki Dairəsinə bağlı 43 saylı seçki məntəqəsində səs veriblər. Seçki məntəqəsinə konsul Nuru Quliyev sədrlik edir.

Nuru Quliyev "BBC Azərbaycanca"ya deyib ki, yerli vaxtla saat 14.00-a qədər 229 nəfər seçici səsverməyə gəlib. "Seçici fəallığı ilə bağlı məlumatlar hər 3 saatdan bir mərkəzə ötürülür".

Məntəqənin siyahısında konsulluq qeydiyyatında olan 900-ə yaxın Azərbaycan vətəndaşının adı qeyd olunub. "Səsverməyə gələn Azərbaycan vətəndaşlarının sosial tərkibi müxtəlifdir - buradakı ali məktəblərdə təhsil alan tələbələr və dərs deyən müəllimlərlə yanaşı, İstanbulda müxtəlif sahələrdə çalışan vətəndaşlarımız və Azərbaycanın müxtəlif təşkilatlarının təmsilçiliklərinin, o cümlədən SOCAR-ın əməkdaşları da var", – deyə məntəqə sədri bildirib.

Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov da İstanbuldakı Baş Konsulluqda səs verib.

"Seçki qanununa əsasən, xaricdəki Azərbaycan təmsilçiliklərində seçki məntəqəsi minimum 50 vətəndaşın konsulluq qeydiyyatında olduğu zaman yaradılır. Lakin Bosniya və Hersoqovina ərazisində bu qədər vətəndaşımız olmadığı üçün qanunvericiliyin tələblərinə əsasən, bölgəyə ən yaxın diplomatik təmsilçilik kimi səfir Eldar Həsənov bizim məntəqədə səs verib", – deyə Nuru Quliyev qeyd edib.

"Bundan başqa, Azərbaycanın məhşur sənət adamları xalq artisti Brilliant Dadaşova, müğənni İradə İbrahimova və balaban ustası Əlixan Səmədov da Baş Konsulluqdakı səsverməyə qatılıblar. Məhşur iş adamı Mübariz Mənsimov isə konsulluq qeydiyyatında yoxdur" - məntəqə sədri Nuru Quliyev "BBC Azərbaycanaya" bidirib.


AzNews.az