- Köhnə - Cəmiyyət
- 10 Oktyabr 2013 15:24
- 3 031
İlham Əliyev MDB nümayəndələrini qəbul etdi
Sergey Lebedev rəhbərlik etdiyi müşahidə missiyasının adından dövlətimizin başçısını Prezident seçkilərində böyük səs çoxluğu ilə əldə etdiyi inamlı qələbə münasibətilə ürəkdən təbrik edib. Seçki günü yerli müşahidəçilər və seçicilərlə səsvermənin gedişi ilə bağlı yaxından maraqlandıqlarını vurğulayan Sergey Lebedev onların birmənalı olaraq sabitliyə və inkişafa səs verəcəkləri ilə bağlı fikirlərinin şahidi olduqlarını dedi. Səsvermənin nəticələrinə toxunan qonaq bildirdi ki, nəticələr Azərbaycan xalqının öz liderinə arxalandığını və görülən işlərin perspektivlərinə inandığını göstərdi. Sergey Lebedev Prezident İlham Əliyevin həyata keçirdiyi kursun Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən MDB-də nüfuzunun daha da möhkəmləndirilməsi və eyni zamanda, Birlik ölkələri ilə səmimi qonşuluq, iqtisadi, humanitar əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı ölkəmizdə keçirilən Prezident seçkilərində müşahidəçi kimi iştirak etdiklərinə görə MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevə və missiyanın üzvlərinə təşəkkürünü bildirib. Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün maksimum şəraitin yaradılması istiqamətində lazımi işlərin görüldüyünü və seçki prosesinin demokratik şəraitdə keçdiyini deyib. Dövlət başçısı Azərbaycan xalqının ölkədə həyata keçirilən siyasətin nəticələrinə səs verdiklərini vurğuladı və ölkəmizin inkişafı ilə bağlı uğurlu nəticələrə əsaslanan bu siyasətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
AzNews.az