ATƏT PA müşahidə missiyasının rəhbəri seçkilərdən danışdı

"Azərbaycanda seçki günü 59 seçki məntəqəsində apardığım müşahidələrin nəticəsi olaraq, qeyd edə bilərəm ki, seçkilər yaxşı hazırlanmışdı, seçki prosesi bir çox cəhətlərinə görə Almaniyadakı seçkilərdən demək olar ki, fərqlənmirdi".

Bunu Monteneqronun Budva şəhərində keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Daimi Komitənin oktyabrın 13-də baş tutan iclasında Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmiş ATƏT PA müşahidə missiyasının rəhbəri, Almaniyadan olan millət vəkili Doris Barnet deyib.

D. Barnet mənfi hallarla bağlı məlumatların bir sıra hallarda yalnız müəyyən QHT-lərin yoxlanılmamış məlumatlarına əsaslandığını təəssüflə qeyd edərək, ümumiyyətlə, QHT-lərin təqdim etdiyi bütün məlumatların ATƏT DTİHB tərəfindən birmənalı olaraq qəbul edilməsinin düzgün olmadığını vurğulayıb.

O, namizədlərin öz təbliğat fəaliyyətlərini həyata keçirməsi üçün 152 yer ayrıldığını, müşahidəçilərin isə həmin yerlərdən yalnız 52-də olduğunu və bununla bağlı fikirlərini hesabata daxil etmədiklərini söyləyib.

Namizədlərdən birinə daha çox efir vaxtının ayrılması ilə bağlı irada münasibətində D. Barnet Almaniyada seçkilər ərəfəsində də Angela Merkelə onun gündəlik fəaliyyəti baxımından digərlərinə nisbətən daha artıq vaxt ayrıldığını vurğulayıb: "Seçki günü ancaq öz gördüklərimizə əsaslansaq, hər şey yaxşı hazırlanmışdı. Ümumiyyətlə, ATƏT DTİHB-nin seçkiləri qiymətləndirmə metodologiyasına yenidən baxılması lazımdır. ABŞ-la Azərbaycanda və ya Almaniya ilə Ukraynada keçirilən seçkilərə eyni meyarlarla yanaşmaq doğru deyil. Baş vermiş qüsurları isə pisləmək deyil, onların aradan qaldırılmasına yardımçı olmaq lazımdır".(apa)


AzNews.az