Sabir Rüstəmxanlı Rusiyanı hədələdi

Millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin iclasında Rusiyada azərbaycanlı miqrantlarla bağlı vəziyyətin müzakirə olunmasını tələb edib.

AzNews.az-ın məlumatına görə, bugünkü iclasda çıxışı zamanı Sabir Rüstəmxanlı deyib ki, Rusiyada miqrantlara, xüsusən də azərbaycanlılara qarşı təzyiqlər müzakirə olunmalı və Azərbaycan parlamenti buna münasibətini bildirməlidir.

O, baş verənlərlə əlaqədar Milli Məclisin əlavə sənəd qəbul etməsinin vacibliyini də vurğulayıb. Diaspora təşkilatlarının fəaliyyətini də tənqid edən S. Rüstəmxanlı qeyd edib ki, bir müddət əvvəl "Milyarderlər İttifaqı" adı ilə bir yerə yığışıb maraqlı bəyanatlar səsləndirənlər indi nədənsə ciddi mövqe nümayiş etdirmirlər:

"Öz biznesləri ilə bağlı Rusiya prezidenti Putinlə danışırlar, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərini ora yığmırlar. Xahiş edirəm, bu məsələ müzakirə edilsin, Rusiyada baş verən hadisələrlə bağlı Milli Məclisdə müvafiq sənəd qəbul olunsun. Milli Məclis Rusiya Dövlət Dumasına müraciət ünvanlamalıdır. Dünyanın heç bir yerində miqrantlara qarşı belə münasibət yoxdur. Bir müddət əvvəl Rusiyada milyarderlər bir araya toplaşmışdı. İndi bəs niyə səsləri çıxmır? Rusiya miqrantları ABŞ üçün problemdir. Rus mafiyası Amerikanı, Hindistanı pis vəziyyətə qoyub. İndi biz də o ölkələrə dəstək olaq?".

Azər
AzNews.az