Məhkəmə hakimləri üçün yenilik

"Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklik nəticəsində hakimlərə onların öz razılığı ilə iki ilədək müddətə digər məhkəmə strukturlarında ezamiyyətə göndərmək hüququ veriləcək.

Milli Məclisin bu gün keçirilən iclasında "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklik məsələsi müzakirə olundu.

Qanuna dəyişikliklər haqqında məlumat verən Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirdi ki, qanunun 11.0.4.1 maddəsində nəzərdə tutulan dəyişikliyə əsasən, hakimlərin öz razılığı ilə 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiya məhkəmələrində "Məhkəmələr və hakimlər haqqında" qanununn 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilməsinə, zərurət olduqda ezam edilmiş hakimin razılığı ilə ezamedilmə müddətinin yenidən 2 ilədək uzadılmasına dair məsələləri müzakirə edir.

Qanunun 11.0.4-2 maddəsinə edilən dəyişikliyə əsasən, ezamiyyət müddəti bitdikdən sonra hakimin özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.

Qanunun 11.0.12-1 maddəsinə edilən dəyişikliyə əsasən isə əsaslar olduqda hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir.

Qanun müzakirələrdən sonra qəbul edilib.(trend)

AzNews.az