“Qətli ört-basdır etməyə çalışırlar“- Anar Niftəliyev

"Hadisəyə bu cür soyuqqanlıqla yanaşmağı qəbul edə bilmirəm"


"Səhiyyə Nazirliyi qətl hadisəsini ört-basdır etməyə çalışır".

Bu sözləri qaynar.info-ya jurnalist Anar Niftəliyev həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı ekspertiza rəyinin gizlədilməsinə münasibət bildirərkən deyib.

Anar Niftəliyevin sözlərinə görə, Səhiyyə Nazirliyinin Elnarə Tofiqqızının ölüm hadisəsinə tutduğu mövqe heç də anlaşılan deyil: "Yumşaq desək, qətl hadisəsini ört-basdır etməyə yönələn bir şeydir. Cinayət işi qaldırılan zamandan, sentyabrın 25-dən müraciət etmişəm ki, bu həkimlər cinayət işi başa çatana kimi həkimlik fəaliyyətləri ilə məşğul olmasınlar. Baş Prokurorluqdan bildirdilər ki, bu Səhiyyə Nazirliyinin tabeliyində olan bir məsələdir. Səhiyyə Nazirliyi bununla bağlı araşdırmalar apardığını desə də, artıq bir aydan çox keçməyinə baxmayaraq, heç bir cavab vermir. Heç bir cavab verməmələri bir tərəfə, dünən mətbuat xidmətləri ilə əlaqə saxlamışam. Deyirlər ki, bizə bu haqda heç bir məktub daxil olmayıb. Bu məsələni Azərbaycan mediası daima nəzarətdə saxlayır, çünki rəhmətə gedən adam tənqidiçi, alim idi, bir universitetin dekanı idi. Bütün bunlara baxmayaraq, Səhiyyə Nazirliyinin mətbuat xidməti bütün bu yazıları ya görmür, ya da görməzdən gəlir. O həkimlər indi də öz fəaliyyətlərini davam etdirməklə məşğuldular. Onlara heç bir məhdudiyyət yaradılmayıb. Bu da onların növbəti qətl törədəcəkləri istisna etmir".

Anar Niftəliyev həmçinin bildirib ki, Səhiyyə Nazirliyi bu məsələdə ictimai diqqət olduğundan ekspertizanın rəylərini açıqlayacağını demişdi: "Amma bir neçə gün bundan qabaq bildirdilər ki, bunu açmağımız istintaq sirrinə zidd olar. Əslində isə heç bir istintaq sirrindən söhbət getmir. Çünki ortada Rafiq Tağı məsələsi var. O da həkim nəzarətində olan zaman vəfat etmişdi. Amma bütün məlumatlar vaxtı-vaxtında cəmiyyətə açıqlanırdı. Baxmayaraq ki, Baş Prokurorluq da o zaman cinayət işi açmışdı. Yəni indiki zamanda Səhiyyə Nazirliyin həkimlərin tutduğu mövqey məni kifayət qədər narahat edir".

Anar Niftəliyev atacağı addımlardan da danışıb. O bildirib ki, bu addımlardan biri də Səhiyyə Nazirliyi önündə aksiya keçirməkdir: "Dünən ümumi şöbəyə müraciət edərək, səhiyyə naziri ilə görüşmək istədiyimi bildirdim. Rəsmi olaraq, sabah ərizə ilə müraciət edəcəm. Gələn həftə isə çalışacam nazirlə görüşüm. Əgər bu görüş ləngidilsə və təxirə salınsa mən müxtəlif aksiyalara əl atacam. Belə bir hadisəyə bu cür soyuqqanlıqla yanaşmağı qəbul edə bilmirəm".

Xatırladaq ki, Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı "MediSina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı keçinib. Tənqidçinin ölümü ilə bağlı cinayət işi başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır. Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin ilkin rəyində Elnarə Tofiqqızının ölümün səbəbi kimi həkimlərin məsuliyyətsizliyi göstərilib.

AzNews.az