Elbrus Ərud: “Bir həftədir ki, şokdayam”

AzNews.az xəbər verir ki, dünən "Qafqazinfo"nun baş redaktoru Elbrus Ərud Daxili İşlər naziri Ramil Usubova müraiət edib.

Müraciətdə deyilir:

"Cənab nazir, hər şeydən əvvəl bildirim ki, məni Sizə açıq məktub yazmağa məcbur edən qarşılaşdığım fakt yox, bu faktın fonunda baş verənlər, Sizin polis həmkarlarınızın tutduğu vəzifəyə, daşıdığı rütbəyə laqeyd münasibətindən şoka düşməyimdir. Məsələnin mahiyyətinə keçməzdən qabaq onu qeyd etməyi özümə borc bilirəm ki, on ildən artıq peşəkar jurnalist kimi fəaliyyət göstərdiyim müddətdə bircə dəfə də olsun nə özümün, nə də başqa bir yaxınımın şəxsi problemini ictimailəşdirmişəm, bundan jurnalist kimi dvident qazanmağa cəhd etməmişəm. İctimai əhəmiyyət kəsb etməsə, məni doğrasalar belə bunu mətbuata çıxarıb hansısa təsir metodu kimi istifadə etmərəm... Lakin bu dəfə mənim yaxın qohumlarımın başına gələn və sizin məsuliyyət daşıdığınız sahəyə aid olan bir hadisəni ictimailəşdirməkdən, daha doğrusu nağıl etməkdən özümü saxlaya bilmirəm. Buna görə üzr istəyirəm.

Cənab nazir, məsələ belədir ki, Biləsuvar rayonunun Arazbari kəndində xalam yaşayır. Xalam və onun ailəsi kənd təsərrüfatı belə desək çobançılıqla, qarovulçuluqla məşğul olub özlərini dolandırırlar. Xalamın Fərhad Kazımov adlı həyat yoldaşı Qurban bayramından bir müddət öncə kreditə götürdüyü pulla bazardan biri yüz manata beş baş xırda buynuzlu heyvan alır ki, bayrama qədər kökəldib satsın və hərəsinin üstündə heç olmasa 50 manat qazansın. Maraq üçün deyim ki, bu işlə bizim tərəflərdə, hətta müəllimlər, polis işçiləri belə məşğul olur, güzəranlarını keçirirlər. Lakin xalamgilin aldığı bu beş baş heyvanı kökəldib satmaq onlara nəsib olmayıb. Bu ilin avqustun 15-də gecə vaxtı qoyunlarını həyətlərindən oğurlayıb aparırlar. Onlar da oğurluq faktı ilə bağlı polisə müraciət edirlər.

Polis əməkdaşları həmin vaxt təklif edir ki, baş vermiş faktı oğurluq kimi yox, itki kimi qeydiyyata alsınlar. Və əlavə edirlər ki, onsuz da bir-iki günə oğrunu tapacaqlar, dəyən ziyanı da ödəyəcəklər. Səhv etmirəmsə buna hüquqi dildə "latent" cinayət deyirlər. Nə isə, adamı birtəhər yola gətirirlər, izahatını özlərinə sərf edən kimi alırlar. Bir neçə gündən sonra qoyunlarının tapılmadığını görən qohumlarım polisdən hadisəni oğurluq kimi qeydiyyata alınmasını tələb edirlər, polis də faktı oğurluq kimi qeydiyyata alır. Lakin həmin vaxtdan 3 aya yaxın müddət keçməsinə baxmayaraq fakt üzrə heç bir hərəkət aparılmır. Heç bircə dəfə də olsun vətəndaşı çağırıb ona proses haqqında məlumat belə vermirlər.

Cənab nazir, mən təxminən iki həftə əvvəl qohumlarımla görüşəndə onlar bu hadisəni mənə danışdılar. Mən də jurnalist olduğum və bu sistemdə nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla əlaqəm olduğu üçün götürüb ona zəng vurdum. Hadisəni yuxarıda təsvir etdiyim kimi Sadiq Gözəlova izah etdim. Hələ üstəlik dostyana bir minnət də qoydum ki, baxın ha, sənin xətrinə yazmıram, tapşırın maraqlansınlar. Həqiqətən də Sadiq Gözəlov mən telefonda ola-ola götürüb Daxili İşlər Nazirliyinin Baş-Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Emin Şəkiniskiyə zəng etdi. Onu məlumatlandırdı. Lazım olan ad və soyadı məndən soruşub generala dedi.

Mən də təşəkkür edib sağollaşdım və rahatlandım. Üstündən bir həftə keçəndən sonra Sadiq müəllimlə təkrar əlaqə saxlayıb heç bir reaksiyanın olmadığını bildirdim. O, ikinci dəfə yenə Emin Şəkiniskiyə zəng edib mənim narahatlığımı çatdırdı. Bu zəngdən sonra generalın müavini həm mənə, həm qohumlarıma zəng edib "ölçü götürcəyik, maraqlanırıq" - cavabını verdi. Artıq bir həftə də keçib. Heç bir cavab yoxdur. Üstəlik qohumlarımın bir başa sizə vurduqları teleqrama da cavab gəlib və bildirilib ki, məsələ lazımı qurumların diqqətindədir. Ancaq bircə dəfə də bu adamları çağırıb maraqlanan, məlumat verən olmayıb ki, iş nə yerdədir.

Cənab nazir, mən bu hadisəyə əvvəl də, elə indi də adi bir qoyun oğurluğu kimi baxmışam. Və bu faktdan Sizə açıq məktub yazılacaq qədər böyük bir hadisə yaratmağı heç cür özümə sığışdıra bilmirəm. Biz uşaq deyilik və bilirik ki, qoyun oğurlanar da, itər də, onun oğrusu tapılmaya bilər də. Bunun nə sizə, nə də bəlkə də o kəndin polis əməkdaşlarına aidiyyatı var. Ancaq mən bircə şeyə məəttəl qalmışam. Mən bir həftədir şəxsən bir jurnalist kimi şokdayam ki, necə ola bilər ki, bir vətəndaş qoyunlarının oğurlanmasına görə ölkənin baş cinayət axtarışı idarəsinin rəisinə kimi gedib çıxsın, hər yerə şikayət-teleqram vursun, ona cavab versinlər, ancaq Arazbarı kəndinin "uşastkovusu", Biləsuvarın polis rəisi yerindən tərpənməsin? Heç olmasa vətəndaşın yuxarıya şikayət ediyini görüb, eşidib, bilib çağırıb ona məlumat verməsinlər ki, iş nə yerdərir, cinayət açılıb ya yox.

Oğrudan nə xəbər var, kimsə şübhəli bir adam varmı? Yəni bu admlar bu qədərmi görməzdən gələ bilərlər? Onların özlərini belə məsuliyyətsiz aparmalarının səbəbi nədir, cənab general?..

Cənab general, mən əminəm ki, siz bu müraciəti oxuyandan sonra kimlərisə cəzalandıra bilərsiniz. Lap elə qoyun "oğruları" da tapıla bilər. Ancaq lütfən bircə şeyə inanın ki, mənim müraciətimin səbəbi xalamın beş qoyunluq faciəsi deyil. Məni dəhşətə gətirən səbəb bizim insanların, cəmiyyətimizin, ən əsası isə polisimizin belə laqeyd olmasıdır. Yəni bu fakt beş qoyunu oğurlanan bir kəndlinin faciəsi yox, bizim cəmiyyətin, dövlətin faciəsidir. Bax, əsl faciə indi xalamın mənə zəng edərək "day burda qalmağın mənası yoxdur, həyətimizdə heç nə yoxdur, üzü qışa gedir, bizə bir iş tap gələk ora"-deməsindədir. Məncə, bu kəndlərimizin boşalması kimi bir faciə Sizi də düşündürür və dərindən narahat edir...

Bir daha məsələni ictimai müzakirəyə çıxarmağa məcbur qaldığım üçün üzr istəyirəm".

AzNews.az