- Köhnə - Cəmiyyət
- 1 Noyabr 2013 20:40
- 9 892
Naxçıvan Bakını “mat” qoyub - Araşdırma
Müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən nəinki ölkə vətəndaşlarına, xarici vətəndaşlara, hətta vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradan "elektron hökumət" dövlət qulluqçuları ilə vətəndaşlar arasında olan "məsafəni" azaldır, münasibətləri sadələşdirir və şəffaflaşdırır.
Vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "elektron hökumət" portalı tətbiq edilir. Bu prosesdə də beynəlxalq təcrübəyə əsaslanılır.
Burnumuzun ucunu görmürük
Maraqlıdır ki, həyata keçirilən "elektron hökumət"in icra vəziyyətini də, adətən, yaxın-uzaq dövlətlərlə müqayisə edir, arada olan yaxın-uzaq fərqdən də həvəslə danışırıq. Hətta bu yaxınlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elan etdiyi yazı müsabiqəsi üçün jurnalistlərin hazırladıqları araşdırmalarda Gürcüstandan tutmuş, Almaniyaya qədər bütün ölkələrin bu sahədə təcrübəsinə istinad olunmuşdu. Amma burnumuzun ucunda - Azərbaycan dövləti tərəfindən idarə olunan, Azərbaycan Prezidentinin Sərəncamlarını icra edən, "kiçik dövlət", "xanlıq" və s. adlandırıb, müəyyən məsələlərə görə qınaq obyektinə çevrilən Naxçıvan Muxtar Respublikasının təcrübəsinə baxmaq jurnalistlərin ağlına da gəlməyib.
AzNews.az Naxçıvan Muxtar Respublikasının "e-hökumət" portalında bəzi müşahidələr aparıb. Müqayisə aparanda məlum olur ki, Naxçıvan Muxtar Respublikası "elektron hökumət"in təşkilində Azərbaycan Respublikasından bir addım irəlidədir.
Elektron xidmət – hansı daha lazımlıdır?
Məlum olduğu kimi, "E-hökumət" portalında 45 dövlət orqanı 270 elektron xidmət təklif edir. Nazirliklərin əksəriyyəti çox az istifadəçisi olan, hətta lazımsız xidmətləri www. e-gov.az portalına yerləşdirib. Ən çox istifadə edilən xidmətlərin isə nəinki elektron hökumət portalında, hətta öz saytlarında da olmaması diqqətdən yayınmır. Bir sözlə, Azərbaycanda böyük vəsait xərcləyib istifadə olunmayan bir xidməti elektrona çevirirlər.
Naxçıvan Muxtar Respublikasında isə vəziyyət fərqlidir. Muxtar respublikanın "elektron hökumət" portalında 34 qurum öz elektron xidmətlərini təklif edib.
Qurumların təklif etdiyi 100-dən artıq xidmət məhz Naxçıvanda tətbiq edilir. Yəni həmin xidmətləri Azərbaycan mərkəzi icra hakimiyyəti orqanları hələ tətbiq edib "elektron hökumət" portalına köçürməyib. Diqqətçəkən başqa bir məqam Azərbaycan Respublikasının "e-hökumət" portalında təmsil olunmayan qurumların və bir sıra vacib xidmətin muxtar respublikanın "e-hökumət" portalında yerləşdirilməsidir. Üstəlik, Naxçıvanda təklif edilən xidmət sahələri də ən çox ehtiyac olan, istifadəçilərin marağında olanlardır.
Nazirlər Kabineti siyahının önündə
Məsələn, www.e-hokumet.nmr.az ünvanında elektron xidmət göstərən mərkəzi icra hakimiyyəti orqanlarına Naxçıvanın Nazirlər Kabineti başçılıq edir. Halbuki www.e-gov.az portalında Azərbaycan Respublikası Nazirlər Kabinetinin adı da yoxdur.
Muxtar respublikada Nazirlər Kabineti 5 elektron xidmət təklif edir. "E-hökumət" portalına inteqrasiya olunan həmin xidmətlər neft və qaz məhsullarının satışına sertifikat almaq, auditor fəaliyyəti, ali təhsil müəssisələrinin fəaliyyəti, ali dini tədris müəssisələrinin fəaliyyəti üçün elektron müraciətin təşkilindən ibarətdir.
Naxçıvanda ÜSY üçün elektron müraciət edirlər
Sosial sahədə Naxçıvanın həyata keçirdiyi xidmətlər də Azərbaycan Respublikasında görülən işləri qabaqlayıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi https://services.e-gov.az/services/xforms-query.action?id=32353 də öz saytında bir çox elektron xidmətlər təşkil edib. Onların bir qismini də "elektron hökumət" portalına köçürüb. Nazirliyin portaldakı ünvanlı sosial yardım üzrə axtarış xidmətindən yalnız sosial yardım alanlar faydalana bilir. Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu xidmətlərinin isə e-hökumət portalına inteqrasiyası gecikir.
Naxçıvanda isə portala inteqrasiya olunan 11 elektron xidmətin 7-si sənəd və müraciətlərin qəbuludur.
İşsizlik statusunun təyini və müavinətlərin verilməsi, ünvanlı sosial yardım verilməsi üçün, dövlət sosial təminat xidmətləri üzrə müraciətlərin qəbulu, əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılığın verilməsi üçün müraciət və sənədlər elektron qaydada həyata keçirilir.
İnteraktiv, yoxsa informativ?
Müqayisə göstərir ki, Azərbaycan Daxili İşlər Nazirliyi informativ, Naxçıvan DİN-i isə interaktivdir. Muxtar Respublikanın www.e-hokumet.nmr.az saytında görürük ki, Daxili İşlər Nazirliyinin bir informativ, 12 interaktiv xidmət təşkil edib.
"Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi" xidməti yeganə informativ xidmətdir.
"Müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına xüsusi növ razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi üçün müraciətin və sənədlərin qəbulu", "Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu", "müraciətin və sənədlərin qəbulu", "Nəqliyyat vasitələrininin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi", "Vətəndaşların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu ", "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi üçün müraciətin qəbulu", "Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Arxiv arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu" və "İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu" elektron qaydada aparılır.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyi istifadəçi girişinə əsasən "e-hökumət" portalında ilk onluqda yer alsa da, fəaliyyəti nəinki ilk onluğa, hətta son onluğa da layiq deyil. Belə ki, Nazirliyin rəsmi saytındakı "elektron xidmətlər"in hamısı informativdir. Oradakı interaktiv olan yeganə bölüm - sual-cavab bölümü isə hələ hazır deyil.
www.e-gov.az portalına isə cəmi 2 xidmət - "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" və "PİN-ə görə fərdi məlumatların axtarışı" xidmətləri yerləşdirilib.
İdarəsi XİN-ə nümunədir
Oktyabrın 31-də "Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" adlı ilk elektron xidmətini "Elektron hökumət" (www.e-gov.az) portalına inteqrasiya edən Azərbaycan Xarici İşlər Nazirliyindən fərqli olaraq, Naxçıvan Xarici İşlər İdarəsi xaricdə yaşayan azərbaycanlıları da, elə Naxçıvan MR ərazisində olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri də düşünüb. Belə ki, bütün müraciətlərin elektron qəbulu xidməti "e-hökumət" portalına inteqrasiya olunub.
Bakıda məlumat da ala bilmirsən, Naxçıvanda isə...
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni yaransa da, elektron xidmətin təşkili sahəsində öz saytında müəyyən iş görməyə çalışıb. Lakin keyfiyyətsiz olduğundan hələlik istifadəçilər ondan faydalana bilməyib. Başqa sözlə, "Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar" bölümündən istifadə edib düzgün məlumat alan olmayıb.
"E-hökumət" portalındakı fəaliyyətindən isə danışmağa dəyməz, çünki qurumun orada adı da yoxdur.
Muxtar Respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulunu elektronlaşdıraraq portala inteqrasiya edib.
Ruhiyyə
AzNews.az