“Qanun” nəşriyyatı bağlansın!

Lap ağını çıxarıblar! Durub camaata ağıl öyrədirlər: kitab oxuyun, kitab alın, kitabı sevin. Guya camaat bilmir kitab-zad nədir.

Bu il düz üçüncü dəfə idi ki, Bakıda beynəlxalq kitab sərgisi keçirilirdi. Qəsdən fikir verdim, hər üç sərginin hər üç günündə də bu nəşriyyatın stendinin qarşısında qələbəlik oldu! Bundan başqa, həftədə bir dəfə Bakının müxtəlif rayonlarında balaca yarmarkalar təşkil edirlər. Yenə gözləri doymur: bölgələrdə niyə kitab mağazaları yoxdu? Elə bil kitab bunlardan başqa heç kimi maraqlandırmır. A kişi, o boyda Mədəniyyət Nazirliyi var, Yazıçılar Birliyi var! Bu sahədə can qoyan neçə-neçə məmur, ziyalı, millət vəkili var! Sizəmi qalıb Azərbaycan kitabının dərdi?! Bu xalqa lazım deyil sizin çap etdikləriniz! Bu kimdir Markes, Ceyms Coys! O boyda Tərcümə mərkəzi qalıb bir tərəfdə bunlar durub öz yanından tərcümələr edirlər. Hələ üstəlik tərcüməçilərə qonorar da verirlər. Hardan alırsız o pulları? Kimə işləyirsiz? Kimdir Ceym Coys? Heç irlandlar onu düz-əməlli oxuyub başa düşməyiblər. Yazıqlar utanırlar ki, gic-gic yazıları ilə bizi dünyada biabır eləyib. Nəymiş - şüur axınıymış! Utanım yerinizə.

Hələ bir cavanları başına toplayıb buraxdıqları yeni seriyalara baxın. İddiaları da nədir? Ölkədə bu sahəyə geniş şəkildə sərmayə qoyan ilk müstəqil nəşriyyatıq! Müəlliflərlə müqavilə bağlayır, hətta onlara az-çox qonorar da veririk. Çap elədiyimiz kitabların reklamı, yayılması və satışı ilə də məşğuluq. Allah sizi güldürsün! Kimdir axı çap elədiyiniz yeni yazarlar? Dünən kənddən gələn, qalmağa bir zirzəmisi, yeməyə bir loxma çörəyi olmayan avaralar! Onlar nədir ki, nə də yazsınlar?! Elə də həyasızdılar ki, taxtabiti kimi qaldıqları kirayə evlərin divan-kreslolarını gəmirib yaşayırlar. Acından ölmür köpəyyuşağı! Abırları yox, həyaları yox! A balam, görürsən səndə heç nə alınmır, zəhmət çək get, meyxana de, muğam oxu.

Bu tüfeyliləri başına toplayıb ədəbiyyat yaratmaq və onu oxutmaq iddiasında olan bir nəşriyyata xalqımız nə deyir görəsən? Əgər bir dənə kitablarını da alıb oxumursa tüpürür onların cəmdəyinə.

Bir "Əli və Nino" mağazası var... Ada bax: "Əli və Nino"! Mağazanın adı "Aysberk" olar, "Titanik" olar, "Bayatı" olar... Əli hara Nino hara? Hardan ağıllarına gəlir belə gicbəsər sözlər?! Hara gedirsən kitabları gözünə girir! Ay balam, oxumaq istəmirəm dəəə... Lazım deyil mənə sənin kitabların! Nə dirəşmisən?!

Hələ bir Elman dayı var, İçərişəhərdə, camaat Qız qalasını özəlləşdirməyə hazırlaşdığı bir vaxtda balaca hücrəsinə çəkilib kitab satır. Elə də sakit və təmkinlidir ki, adamın beyni oynayır! Üstəlik satdığı bütün kitabların məzmununu bilir. Kitablardan səngər düzəldib, arxasında gizlənib bu kafir! Mən məəttələm, niyə indiyə qədər bir tərəqqipərvər həmvətənimiz tapılmayıb ki, bu beli bükülmüş qocanı təpikləyə-təpikləyə aparıb Xəzərə atsın!

Başqa nəşriyyatlar yoxdu bu ölkədə? Başqa kitab mağazaları yoxdu? Başqa kitablar çıxmır? Bizdə nəinki kitaba qayğı var, hətta xalqımıza lazım olan kitablar dövlət hesabına çap olunub kitabxanalara paylanır. Bizim kimi tərəqqi edən ölkələrə giley-güzarlı ədəbiyyat lazım deyil! Nə yazılması, nə tərcüməsi. Öz ölkəmizin inkişaf və perspektivlərindən, yeraltı-yerüstü sərvətlərimizdən, füsunkar təbiətimizdən bəhs edən kitablar bizə yetər!

Bağlayın!

Tezliklə bağlayın bu "Qanun" nəşriyyatını!

Hətta indiyədək satışa çıxan kitablarını da yığışdırıb yandırın!

O, qıvrımsaç, adamın əsəbləri ilə oynayan saqqalı müdirini isə, bonjur... qandallayıb atın qazamata!

qafqazinfo.az