- İşin içi
- 14:39
- 1 099
Azərbaycan pambıqdan milyardlıq dəyər yaradır - ŞƏRH
Mingəçevir Sənaye Parkında yeni tekstil layihələri hesabına minlərlə iş yeri yaradılacaq.
Aznews.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
Onun sözlərinə görə, Parkda fəaliyyət göstərən, 93 milyon ABŞ dolları investisiya hesabına yaradılmış "Mingəçevir Tekstil" layihəsi qabaqcıl beynəlxalq texnologiyalar əsasında illik 20 min ton iplik istehsalı gücünə malikdir: "Müəssisədə 600-ə yaxın daimi iş yeri yaradılıb, istehsal olunan məhsulların əhəmiyyətli hissəsi isə xarici bazarlara ixrac edilir. Hazırda sənaye parkında icrasına başlanılan digər layihə – "Textile Horizon" ölkədə tam tekstil klasterinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəyəri 150 milyon manat olan investisiya layihəsi çərçivəsində pambıq ipliyi, parça, boyanmış parça və hazır tekstil məhsulları istehsal ediləcək. Layihə çərçivəsində 2 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur".
"Bu müəssisələr yalnız yeni istehsal güclərinin yaradılmasına deyil, həm də pambıq mahlıcından hazır tekstil məhsullarına qədər vahid istehsal zəncirinin ölkə daxilində formalaşdırılmasına xidmət edir. Belə bir istehsal zənciri tam formalaşacağı təqdirdə, hazırda təxminən 203 milyon ABŞ dolları təşkil edən ixrac dəyərinin əlavə dəyər hesabına minimum iki dəfə və daha çox artması mümkündür", - deyə nazir müavini əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda pambıq dəyər zəncirinin dərinləşdirilməsində yeni mərhələ başlayır: "Həyata keçirilən dövlət siyasəti nəticəsində pambıq əsasında mahlıc, iplik, parça və hazır tekstil məhsullarını əhatə edən vahid sənaye dəyər zəncirinin formalaşdırılması istiqamətində mühüm institusional və istehsal bazası yaradılıb: "Qarşıdakı dövrdə əsas vəzifə mövcud xammal və istehsal potensialından daha səmərəli istifadə etməklə pambıq əsasında formalaşan dəyər zəncirinin daha da dərinləşdirilməsidir. Bu yanaşma yeni Dövlət Proqramında müəyyən edilmiş, dəyər zəncirinin intensivləşdirilməsinə əsaslanan ixracyönümlü aqrobiznes modelinin formalaşdırılması məqsədləri ilə tam uzlaşır. Nəticədə, bir tərəfdən yerli xammalın iqtisadi səmərəliliyi artırılacaq, digər tərəfdən isə yeni sənaye müəssisələrinin yaradılmasına, ixracyönümlü istehsalın genişlənməsinə və regionlarda dayanıqlı məşğulluğun artmasına mühüm töhfə veriləcək".
"Bu məqsədlərə nail olmaq üçün dövlət tərəfindən yaradılmış dəstək mexanizmləri daha da təkmilləşdirilir. Bu ildən etibarən sənayenin və sahibkarlığın inkişafını stimullaşdıran yeni təşviq alətlərinin tətbiqinə başlanılıb. Belə ki, kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin genişləndirilməsi, qeyri-neft məhsulları üzrə nəqliyyat-logistika xərclərinin subsidiyalaşdırılması, ixrac rəsmiləşdirilməsi xərclərinin kompensasiyası, kommunal infrastruktura qoşulma xərclərinin subsidiyalaşdırılması, eləcə də strateji investisiya layihələri üçün nəzərdə tutulan xüsusi dəstək mexanizmləri sahibkarların investisiya və istehsal xərclərinin azaldılmasına xidmət edəcək. Bu tədbirlər yeni layihələrin həyata keçirilməsinə, məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsinə, investisiya fəallığının artmasına əlavə stimul yaradacaq. Beləliklə, investisiyanın formalaşdırılmasından başlayaraq maliyyələşdirmə, istehsalın təşkil edilməsi, infrastruktur təminatı və ixracın dəstəklənməsinə qədər bütün mərhələləri əhatə edən kompleks təşviq sistemi pambıq emalı və tekstil sənayesinin inkişafı üçün yeni imkanlar yaradır", - deyə S.Bəşirli əlavə edib.
Uzun illərdir Azərbaycanda pambıqçılığın inkişafı əsasən xammal istehsalının artırılması prizmasından qiymətləndirilirdi. Halbuki müasir iqtisadiyyatlarda əsas gəlir xammalın satışından deyil, onun emalı və hazır məhsula çevrilməsindən əldə olunur. Mingəçevir Sənaye Parkında həyata keçirilən yeni tekstil layihələri məhz bu baxımdan Azərbaycanın iqtisadi inkişaf strategiyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin açıqladığı rəqəmlər göstərir ki, dövlət artıq pambıqçılığı yalnız kənd təsərrüfatı sahəsi kimi deyil, aqrar-sənaye kompleksinin əsas istiqamətlərindən biri kimi inkişaf etdirməyə çalışır. 93 milyon dollarlıq investisiya hesabına yaradılmış və artıq fəaliyyət göstərən "Mingəçevir Tekstil" müəssisəsi ilə yanaşı, 150 milyon manatlıq "Textile Horizon" layihəsinin icrasına başlanılması təsadüfi deyil. Bu layihələr birlikdə minlərlə yeni iş yerinin yaradılmasına, regionlarda sənayeləşmənin sürətlənməsinə və ixrac imkanlarının genişlənməsinə xidmət edir.
Ən vacib məqam isə odur ki, Azərbaycanda ilk dəfə pambıq mahlıcından başlayaraq iplik, parça, boyanmış parça və hazır tekstil məhsullarına qədər uzanan tam istehsal zəncirinin formalaşdırılması istiqamətində ciddi addımlar atılır. Bu, iqtisadi baxımdan olduqca mühüm dəyişiklikdir. Çünki dünya təcrübəsi göstərir ki, xammal ixrac edən ölkələr əldə olunan gəlirin yalnız kiçik hissəsinə sahib olur, emal və hazır məhsul istehsal edən ölkələr isə əsas qazancı əldə edirlər.
Bu gün Azərbaycanın pambıq və pambıq məhsulları üzrə ixrac gəlirləri təxminən 203 milyon ABŞ dolları səviyyəsindədir. Nazir müavininin qeyd etdiyi kimi, tam tekstil klasteri formalaşdıqdan sonra bu göstəricinin ən azı iki dəfə artması mümkündür. Əslində söhbət təkcə ixrac rəqəmlərinin böyüməsindən getmir. Burada əlavə dəyərin ölkə daxilində qalması, yeni peşələrin yaranması, texnologiyaların transferi və sənaye mədəniyyətinin inkişafı kimi strateji üstünlüklərdən danışılır.
Mingəçevirin bu prosesdə əsas mərkəzə çevrilməsi də diqqət çəkir. Bir vaxtlar enerji və sənaye şəhəri kimi tanınan Mingəçevir son illərdə yüngül sənayenin paytaxtına çevrilmək istiqamətində irəliləyir. Bu isə regionların inkişafı siyasətinin real nəticələrindən biri kimi qiymətləndirilə bilər.
Dövlət tərəfindən tətbiq olunan yeni təşviq mexanizmləri də prosesin davamlılığı üçün mühüm əhəmiyyət daşıyır. Kredit subsidiyaları, logistika xərclərinin dəstəklənməsi, ixrac prosedurlarının maliyyə yükünün azaldılması və strateji investisiyalara xüsusi güzəştlərin verilməsi sahibkarların risklərini azaldır və yeni investisiyaları stimullaşdırır.
Bütün bunlar göstərir ki, Azərbaycanda pambıqçılığın gələcəyi artıq yalnız əkin sahələrinin genişləndirilməsi ilə ölçülmür. Əsas hədəf pambıqdan yüksək əlavə dəyər yaradan sənaye məhsullarının istehsalı, yeni iş yerlərinin yaradılması və qeyri-neft ixracının artırılmasıdır. Mingəçevir Sənaye Parkında həyata keçirilən layihələr uğurla başa çatarsa, Azərbaycan yaxın illərdə regionun mühüm tekstil istehsalı və ixracı mərkəzlərindən birinə çevrilə bilər. Bu isə həm kənd təsərrüfatının, həm sənayenin, həm də məşğulluğun inkişafı baxımından strateji əhəmiyyət daşıyan bir dönüş nöqtəsi olacaq.
Nuray, Aznews.az