Azərbaycan aqrar sənayedə yeni mərhələyə keçir - ŞƏRH

2030-cu ilədək Azərbaycanda 500 hektar müasir istixana yaradılacaq.

Aznews.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2030-cu ilədək ölkədə müasir istixana sahələrinin 500 hektar artırılması hədəfi müəyyən edilib: "Əsas məqsəd istixanaların aqroparklarda, sənaye və aqrar zonalarda yerləşdirilməsini təşviq etməkdir. Bu istiqamətdə dövlət tərəfindən zəruri kommunal infrastrukturun yaradılması və çəkilməsi nəzərdə tutulur. Eyni zamanda, təşviq sənədi əldə edən investorlar 7 il müddətində ölkəyə idxal etdikləri avadanlıq, qurğu və materiallara görə gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunacaqlar. Həmin müddətdə onlar müxtəlif vergi güzəştlərindən də yararlana biləcəklər".

Nazir bildirib ki, bundan əlavə, istixana təsərrüfatlarının uçotunun təkmilləşdirilməsi də nəzərdə tutulur: "Bu məqsədlə onların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiyası genişləndiriləcək və sahə üzrə tam uçotun təmin olunmasına çalışılacaq. Elektron sistemə qoşulan və dövlət proqramlarında iştirak edən istixana fermerləri əlavə dəstək mexanizmlərindən də faydalana biləcəklər. Bu dəstəklərdən biri kimi, qazdan elektrik enerjisinin əldə olunmasına xidmət edən avadanlıqların maliyyələşdirilməsində dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur".

M. Məmmədov vurğulayıb ki, azad olunmuş ərazilərdə 5 min hektardan çox intensiv bağ salınacaq. "Azad olunmuş ərazilərdə müasir suvarma sistemlərinin genişləndirilməsi və intensiv bağçılığın inkişafı əsas prioritet istiqamətlərdəndir: "Azad olunmuş ərazilər üzrə keçirilmiş iki investisiya müsabiqəsi artıq başa çatıb. Həmin müsabiqələrin nəticələrinə əsasən, 5 min hektardan artıq sahədə müasir intensiv bağların salınması ilə bağlı müraciətlər qəbul edilib və investorlar, eləcə də sahibkarlarla müvafiq müqavilələr imzalanıb. Bundan əlavə, istixana komplekslərinin yaradılması istiqamətində də mühüm addımlar atılır. Azərbaycanda ilk belə iri istixana kompleksinin azad olunmuş ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının qarşı tərəfində 230 hektar torpaq sahəsi ayrılıb və həmin ərazidə müasir istixana kompleksinin inşası planlaşdırılır".

Azərbaycan kənd təsərrüfatında ənənəvi istehsal modelindən yüksək məhsuldarlığa və ixracyönümlü aqrobiznes modelinə keçidi sürətləndirir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun açıqladığı hədəflər göstərir ki, qarşıdakı illərdə ölkənin aqrar sektorunda əsas diqqət daha çox məhsul istehsalına deyil, daha çox gəlir və əlavə dəyər yaradan müasir təsərrüfatların formalaşdırılmasına yönələcək.

2030-cu ilədək ölkədə 500 hektar yeni müasir istixananın yaradılması planı ilk baxışdan böyük görünməyə bilər. Lakin söhbət adi əkin sahələrindən deyil, yüksək texnologiyalar əsasında fəaliyyət göstərən, ilboyu məhsul istehsal edən və ixrac potensialına malik istixana komplekslərindən gedir. Belə təsərrüfatlar açıq sahə əkinçiliyi ilə müqayisədə bir neçə dəfə artıq məhsuldarlıq təmin edir, su və enerji resurslarından daha səmərəli istifadə edir və bazarların tələbinə uyğun istehsal aparmağa imkan yaradır.

Dövlətin bu sahəyə verdiyi dəstək də təsadüfi deyil. İnvestorlara təqdim edilən vergi və gömrük güzəştləri, kommunal infrastrukturun dövlət hesabına təmin olunması, eləcə də enerji səmərəliliyini artıran avadanlıqların maliyyələşdirilməsi yeni investisiyaların cəlb edilməsinə xidmət edir. Bu, faktiki olaraq istixana biznesinin inkişafı üçün daha əlverişli investisiya mühitinin formalaşdırılması deməkdir.

Açıqlamada diqqət çəkən digər məqam azad olunmuş ərazilərlə bağlıdır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində 5 min hektardan artıq intensiv bağların salınması planı həmin ərazilərin yalnız yaşayış və infrastruktur baxımından deyil, həm də iqtisadi cəhətdən sürətli inteqrasiyasına xidmət edir. Müasir intensiv bağçılıq ənənəvi bağçılıqla müqayisədə daha yüksək məhsuldarlıq, daha az su sərfiyyatı və daha böyük ixrac potensialı yaradır.

Xüsusilə Araz Vadisi İqtisadi Zonası yaxınlığında 230 hektar ərazidə yaradılması nəzərdə tutulan iri istixana kompleksi Azərbaycanın aqrar siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu layihə həyata keçərsə, təkcə ölkənin deyil, bütün regionun ən böyük istixana komplekslərindən biri formalaşa bilər. Belə bir müəssisə minlərlə insan üçün iş yeri yaratmaqla yanaşı, Azərbaycana yüksək keyfiyyətli tərəvəz və meyvə məhsullarının ixracını əhəmiyyətli dərəcədə artırmaq imkanı verəcək.

Əslində son illərdə Azərbaycanın aqrar siyasətində müşahidə olunan əsas tendensiya aydındır: dövlət daha çox torpaq əkməkdən çox, hər hektardan daha yüksək gəlir əldə etməyə çalışır. Aqroparklar, intensiv bağlar, rəqəmsal kənd təsərrüfatı sistemləri və müasir istixanalar da məhz bu strategiyanın tərkib hissəsidir.

Əgər nəzərdə tutulan layihələr uğurla həyata keçirilərsə, 2030-cu ilə qədər Azərbaycan yalnız kənd təsərrüfatı məhsulları istehsal edən ölkə deyil, yüksək texnologiyalı aqrar sənaye mərkəzi kimi də mövqeyini gücləndirə bilər. Bu isə ərzaq təhlükəsizliyinin möhkəmlənməsi, qeyri-neft ixracının artması və regionlarda dayanıqlı məşğulluğun təmin olunması baxımından mühüm nəticələr vəd edir.

Nuray, Aznews.az