Dünən Rafiq Tağının doğum günü idi Dünən Rafiq Tağının doğum günü idi

Bağışla, Rafiq Tağı...

Dünən Rafiq Tağının doğum günü idi

Avqust ayının 5-i Rafiq Tağının doğum günüdür. Keçən il noyabrın 19-da onu bıçaqladılar və hadisədən cəmi dörd gün sonra müəmmalı şəkildə dünyasını dəyişdi. Onu gözümüzün önündə, bu boyda ölkənin paytaxtında qanına qəltan elədilər. Bıçaqlandığı gün bütün qələm dostları kimi xəstəxanada əməliyyatdan çıxacağını gözləyirdik. Bizə görə ölməməli idi və bütün ehtimallar onun sağalacağına işarə verirdi. Qan çilənmiş xəstəxana dəhlizində o baş, bu başa gəzişə-gəzişə onun bıçaqlanması ilə bağlı ehtimallarımızı bölüşürdük. Ehtimalımız nə olursa olsun, nəticə göz qabağında idi. Hansısa qaniçən, manyak, vəhşi, nadürüst, şərəfsiz onu hamımızın gözləri önündə dəlik-deşik eləmişdi. Əməliyyat səhərə yaxın bitdi. Bütün dostlar ümidli idi. Hamımız onun sağalacağına əminliklə evimizə dağılışdıq. Sabahısı yaxşılaşdığını eşidib xeyli sevindik. Cəmi dörd gün sonra heç birimizin inanmadığı bir hadisə baş verdi: Rafiq Tağı qəflətən dünyasını dəyişdi. Həmin gün Zərdüşt Şəfinin(onu da vaxtsız, həm də qəflətən itirdik) kitab təqdimatı idi. Xeyli fotolar çəkmişdim. Tədbirdən çıxıb işə qayıtmalı, işdən sonra Rafiq Tağını görməyə gedəcəkdim. Qəfil ölüm xəbərini verdilər. Sarsıldım...Onu son dəfə görə bilmədiyim üçün çox pis olmuşdum. Bir də görsəydim, nə dəyişəcəkdi ki? Onun ölümü o qədər gözlənilməz və qəfil oldu ki, bütün dost və yaxınları heyrətə düşdü. Ölümündən cəmi bir-neçə saat əvvəl dostları, yaxınları ilə görüşmüş, səhhətində müsbətə doğru irəliləyiş başlamışdı... Kimin ağlına gələrdi ki, ölüm onu məhz həmin məqamda, sanki hər şeyin arxada qaldığı gümanı tumurcuqlayanda haqlayacaq.

Dəfn günü sanki dünya məhvərindən çıxmışdı. Bütün yer-göy onun ölümünə üsyan edirdi. Sərt soyuğu, şaxtalı çovğunu başqa cür yozmaq mümkün deyildi. Saatlarla yollarda qaldıq. Bilmirəm, bəlkədə bu tanrının bizi şokdan çıxarmaq üçün tətbiq elədiyi üsullardan biri idi...

...Keçən il doğum günündə ondan müsahibə almışdım. Olduqca ümidli və nikbin idi. Gələcəyə böyük inamı var idi. Çoxlarının düşündüyündən fərqli, Allahsız və dinsiz də deyildi. Həm inanclı, həm də olduqca təmkinli adam idi. Haqqında yazılan tənqidlərə fikir vermədən yoluna davam edirdi. Yazılarında sərt və barışmaz olduğu qədər, həyatda mülayim idi. Bu gün onun haqqında keçmiş zamanda danışmaq çox çətindir.


...Qəribə təsadüfdür...Rafiq Tağı dünyasını dəyişən gün dostumuz Zərdüşt ilk kitabının sevincini yaşayırdı. Hər şeydən xəbərsiz, qayğısız və sevincli idi...Sonradan dostlar danışdılar Zərdüştün bu xəbəri eşidəndə necə sarsıldığını, pərt olduğunu. Heç kəsin ağlına gəlməzdi ki, belə gənc yaşda onu da itirəcəyik...Son görüşümüzdə az-az göründüyü üçün ərklə um-küsü elədim. Bir siqaret yandırıb qəribə şəkildə üz-gözünü turşutdu, "İnsanlardan, çayxana söhbətlərindən qaçıram" dedi... Dediyi sözü yazıçılığına bağladım. "Yəqin təkliyə çəkilib nə isə yazır" deyə düşündüm. Sən demə ölümünü gözləyirmiş. Xəstəliyini gizlədirmiş təkliyə çəkilməklə...Eh, Zərdüşt...Səni ki, qəfil yoluna çıxıb dəlik-deşik etməmişdilər. Səni ki, bıçaqlamamışdılar...Belə qəfil, belə anidən çıxıb getmək olardımı? Amma getdin...Sənin qəfil ölüm xəbərinə elə sarsıldım ki...Və səninlə bizim nəslin yarpaq tökümü başladı...Dünən hər ikinizi düşünüb ağladım...Əlimdən başqa nə gəlirdi ki?


...Rafiq Tağı ağsaqqalımız, öncülümüz, yolgöstərənimiz idi. Zərdüşt çiyindaşımız, cığırdaşımızdı. Bəlkə də qəfil ölümün yolunu, gözlənilməz ölümün izini Ustaddan öyrəndi Zərdüşt...Ölümün arxasına düşüb çıxıb getdi səssiz-səmirsiz...


...Rafiq Tağının ölümü övladlarını atasız, köməksiz qoydu. İndi dövlətdən heç bir qayğı, heç bir dəstək görmədən, Rafiq Tağının qardaşlarının ümidinə qalıb bu ailə. Dövlət sahib çıxa bilmədi Ustadımızın yadigarlarına...Oğlunu qorumaq əvəzinə hərbi xidmətə apardı..Halbuki qorunmağa ehtiyacı vardı Asimanın... Heç olmasa atasının qatili tapılana qədər qorunmalı idi bu gənc... Amma apardılar...

Hər şey bir tərəfə, Ustadın heç qatili də hələ tapılmayıb. Dedilər guya, İran, radikal dindarlar qıyıb onun canına... Amma üstü açılmadı...Bəlkə də onun canına qıyan şərəfsiz əlini-qolunu sallaya-sallaya gəzir və dövlətin fərasətsizliyinə gülür...

...Bu gün doğum gününü sənsiz qeyd edirik. Zəng edib təbrik edə bilmirik səni. Həyat yoldaşı dostlarının vəfasızlığından şikayətlənir.

Hə... Biz səni yaman tez unutmağa başladıq, Ustad! Torpağın üzü çox soyuqmuş.


...Qatilin də tapılmadı ki, bir təsəllimiz olsun. Hamımız günahkarıq ki, səni qoruya bilmədik. Hamımız günahkarıq ki, qatilin hələ də azadlıqda gəzir...Hamımız günahkarıq...


Sabah bizi də hansısa yazımıza görə sənin yanına yollayacaqlarından qorxmuram. Amma sənə cavab verə bilməyəcəyimizdən, hələ də heç nəyi dəyişə bilmədiyimizdən utanıram.

Narahat ruhun bizi bağışlayacaqmı? Bilmirəm...

Bağışla, Rafiq Tağı!

Hər şey o qədər anidən və qəfildən baş verir ki, tezliklə görüşmək ehtimalım artır...Zərdüştdən salam göndərmişdim sənə, bilmirəm çatdırdımı?

Amma görüşəndə sənə çoxlu deyəcəklərim var...

2 gün sonra Fəridlə Şəhriyarı İranda məhkəmə önünə çıxaracaqlar...

Bizim ehtimallara görə sənin qətlini sifariş verən, səni öldürən mollalar, iki şairimizə cəza verəcək...

Bizi gücsüzlüyümüzə, acizliyimizə görə bağışla ustad!

Elə hər şey qoyub getdiyin kimidir...


Cəlil CAVANŞİR

05. 08. 2012.