Deputatlarımız AŞPA-ya gedir

Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov AŞ PA-nın Monitorinq və Hüquq məsələləri və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 5-dən 8-dək Parisdə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclaslarda monitorinq prosesinin təkmilləşdirilməsi, Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələri, Fransa üzrə monitorinq prosesinin başlanmasına dair təklif, Rusiya və Gürcüstan arasında 2008-ci il müharibəsinin nəticələri, insan orqanları ilə ticarətlə mübarizəyə dair Avropa Şurası Konvensiyasının müzakirəsi, insan haqları sahəsində pozuntulara görə beynəlxalq təşkilatların məsuliyyəti, Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin gücləndirilməsi zərurəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Noyabrın 6-dan 8-dək isə Lissabonda AŞ PA-nın Siyasi işlər və demokratiya komitəsinin iclası və forumu keçiriləcək.

Tədbirlərdə Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edəcək.

İclaslarda İordaniya və Qırğızıstan parlamentləri tərəfindən AŞ PA ilə əməkdaşlıq demokratik statusu üçün edilmiş müraciətlərin müzakirəsi, Suriyada vəziyyət, İslam dünyasında, xüsusilə də Suriyada xaçpərəstlərin təqib olunması və xaçpərəst icmalarının say etibarilə azalması və digər mövzularda fikir mübadiləsi aparılacaq.

AzNews.az