Körfəzdə böhran dərinləşir: BƏƏ OPEC-dən çıxdı

Körfəz regionunda enerji bazarlarını sarsıdan ciddi inkişaf yaşanıb. Neft təklifində daralma İran ətrafındakı gərginlik fonunda rekord səviyyəyə çatarkən, Birləşmiş Ərəb Əmirlikləri mühüm qərar verərək OPEC və OPEC+ üzvlüyündən çıxdığını elan edib.

Rəsmi açıqlamaya görə, qərar 1 may tarixindən qüvvəyə minib. Bildirilib ki, ölkənin neft istehsalı siyasəti bundan sonra məsuliyyət və bazar sabitliyi prinsipləri əsasında formalaşdırılacaq, eyni zamanda qlobal təklif-tələb balansı nəzərə alınacaq.

Bu addım Körfəzdə iqtisadi parçalanmanın açıq şəkildə üzə çıxması kimi qiymətləndirilir.

Digər tərəfdən, OAPEC də məsələ ilə bağlı açıqlama yayıb. Qurumun bildirdiyinə görə, BƏƏ-nin Enerji və İnfrastruktur naziri Süheyl əl-Məzrui təşkilatdan çıxmaq qərarını rəsmi məktubla təqdim edib və bu qərar 1 may 2026-cı ildən etibarən qüvvəyə minib.

Açıqlamada qeyd olunub ki, BƏƏ-nin təşkilatdakı fəaliyyəti və ərəb ölkələri arasında enerji sahəsində əməkdaşlığa verdiyi töhfələr yüksək qiymətləndirilir.

Buna baxmayaraq, OAPEC üzv ölkələr arasında əməkdaşlığın davam etdiriləcəyini və ortaq maraqların qorunması üçün yeni strateji addımların atılacağını vurğulayıb.

Mövsüm,

AzNews.az