Azərbaycana 30 mln. avro vəsait ayrıldı

Avropa Birliyi (AB) "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycana 30 mln. avro vəsait ayırıb.

APA-nın xəbərinə görə, bu barədə AB-nin "Şərq Tərəfdaşlığı" sammiti ərəfəsində proqram ölkələrinin maliyyələşdirilməsi haqqında yaydığı broşürada bildirilir.

Azərbaycana 2008-2012-ci illərdə energetika sahəsində islahatların dəstəklənməsi üçün 14 mln. avro, 2009-2014-cü illərdə ədliyyə sahəsində islahatların dəstəklənməsi üçün 16 mln. avro ayrılıb.

Qeyd olunur ki, bu islahatlar nəticəsində Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, 10 regional ədliyyə bölməsi yaradılıb, bərpa olunan enerji mənbələri üzrə milli planlar qəbul olunub, Ədliyyə Akademiyası mütəxəssislərin səviyyəsinin artırılması üçün kurslar təşkil edib, məhbuslara peşəkar təhsil kursları təklif olunub.

Qeyd edək ki, AB "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Ermənistana 39 mln. avro, Gürcüstana 54 mln. avro, Moldovaya 155 mln. avro, Ukraynaya isə 132 mln. avro vəsait ayırıb.

Üçüncü "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 28-29-da Vilnüsdə keçiriləcək.

AzNews.az