Ağzı açıq ədəbiyyat

Adamın biri gedib Afrikada "ayaqabı" zavodu açsa, bir aydan sonra zar-zar ağlayar ki, burda ayaqqabı geyinən yoxdu. Hamı sandal almaq istəyir.

Maddi və ya mənəvi istehsal prosesində ilk öncə üç sual qarışda durur. Nə? Necə? Kimin üçün? Əgər istehsalçı bu üç sualın cavabını tapmayıbsa, o zaman onun fəaliyyətə başlaması "Tutar qatıq, tutmaz ayran" misalından oyana bir şey deyil.

Bu gün hansı jurnalist gedib bir yazara iki sual verir o saat sualın "cavabını" fırladıb gətirirlər ki, kitab alan yoxdu, oxuyan azalıb, kitablar satılmır və s.

Ərsəyə gəlmiş hər kitab məhsuldur, amma əmtəə deyil. Kitab o zaman əmtəə ola bilər ki, həm satış üçün nəzərdə tutulsun, həm də bazarda bu məhsula tələbat olsun.

Bu gün yeni ərsəyə gəlmiş kitabların çoxu əmtəə ola bilmir. Səbəb isə aydındır. Bəzi yazarlar nə, necə və kimin üçün suallarının heç birini düşünmədən cızma qara edib "mənim də kitabım var" deyə kitab çıxarır. Bəzi yazarlar isə nə istehsal etdiyini bilsə də, necə və kimin üçün istehsal etdiyini bilmir. Əksər yazarlar isə nə və necə istehsal etməyi bilir sadəcə əsas məsələ olan kimin üçün faktorunu tamamilə unudurlar. Başda çəkdiyim Afrika ayaqqabı misalı kimi...

Bu gün yeni yazarlarımız elə bilirlər ki, onlar adət-ənənələri, islam dinini, aşağılayıb, erotikadan, allahsızlıqdan və s Azərbaycan və şərq klassiklərinin ayıb bildiyi şeylərdən yazmaqla dünyavi yazar olurlar. Bir şeyi anlamırlar ki, İslam da, şərq də dünyanın bir hissəsidir. Qazanın qapağını atsan əvvəl-axır içindəki yeməklərə qurd düşəcək, ya da itin biri gəlib qapıb aparacaq.

Bugünkü Azərbaycan ədəbiyyatı ağzı açıq qazandan başqa bir şey deyil...

Yeni yazarların yazdıqları nə dünyavi, nə də öz xalqı üçündür. Ona görə də yazdıqlarını alan və oxuyan yoxdu.

Sözün qısası, ay yazar dostlar əgər sizin kitabınız alınmırsa, o zaman birinci günahı özünüzdə görün. Çünki siz kimin üçün yazırsan sualına cavab tapmamış kitab dərc etdirmisiz. Yox, mən özümçün yazıram, nə bilim 5-10 nəfər üçün yazıram deyirsizsə, o zaman bu qədər xərc-borc çəkib kitab dərc edib mağazalara paylamayın. Paylasanız belə satılmadığından gileylənməyin. Çünki bu ancaq və ancaq sizin günahınızdır.

AzNews.az