ARDNŞ və BP üç əməkdaşlıq sənədi imzalayıblar

Bu gün ARDNŞ, "BP-Azərbaycan" şirkəti və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə "Neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi" mövzusunda tədbir keçirilib.

AzNews.az Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə neft-qaz sektorunda milliləşdirmə və miqrasiya məsələlərinin tənzimlənməsi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında təqdimat nümayiş etdirilib. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "neft kapitalının insan kapitalına çevrilməsi" fikri ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq gənc neftçi mütəxəssislərin hazırlanması, kadr potensialının cavanlaşdırılması və müasirləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

Görülən işlərdən ətraflı bəhs edən R.Abdullayev istedadlı gənc mütəxəssislərin yetişdirilməsi, təhsildə fərqlənən tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi istiqamətində həyata keçirilən işlər haqqında danışıb. R.Abdullayev bildirib ki, Azərbaycanda əmək bazarının hüquqi əsaslarının qorunması, miqrasiya qanunvericiliyinə əməl edilməsi neft-qaz sektorunda çalışan əcnəbi şirkətlər üçün mütləq şərtlərdən olmalıdır.

ARDNŞ strateji istiqamətdə neft-qaz sektoru kontingentinin milliləşdirilməsini, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım gələn mütəxəssislərin Azərbaycanda, daxili qüvvələr hesabına hazırlanmasını əsas hədəf götürüb. Lakin eyni zamanda ARDNŞ HPB (hasilatın pay bölgüsü) sazişlərində Azərbaycan hökumətini təmsil edən bir şirkət olaraq, zəruri hallarda əcnəbi mütəxəssislərin minimal bir həddə respublikamızda çalışması üçün müvafiq dövlət orqanları ilə xarici tərəfdaşları arasında danışıqlarda iştirak edir, yaranan çətinliklərin aradan qaldırılmasında onlara dəstək göstərir:

"Xüsusi vurğulamaq istəyirəm ki, Hasilatın Pay Bölgüsü sazişləri və tərəfdaşlarla bağlanmış digər saziş və razılaşmalara əsasən həyata keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi, bu məqsədlə təlim-tədris proseslərinin təşkili, tərəfdaşlarla iş birliyinin yaradılması və inkişaf etdirilməsi, bu sahələrdə məlumatların qarşılıqlı mübadiləsi və s. bu kimi digər məsələlərin həllinə nəzarət gücləndiriləcək".

Tədbirdə çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Birrell bildirib ki, ARDNŞ və digər əlaqədar dövlət qurumları ilə birgə Azərbaycanda neft və qaz sahəsində ixtisaslaşan yerli işçi qüvvəsinin inkişafına yönəlmiş səyləri birləşdirməyə imkan verəcək uzunmüddətli strategiyanın razılaşdırılması istiqamətində işlər aparılır. Həm hökumət, həm də BP və onun tərəfdaşları layihə və əməliyyatlara cəlb olunan işçi qüvvəsinin böyük əksəriyyətinin azərbaycanlı kadrlar olmasında maraqlıdır. Q.Birrel qeyd edib ki, bu gün imzalanan sənədlər tərəfləri ortaq istəklərin gerçəkləşməsinə daha da yaxınlaşdırır.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Tənzimlənməsi Baş İdarəsinin rəisi İsmayıl Abdullayev ümid etdiyini bildirib ki, imzalanan sənədlər azərbaycanlı mütəxəssislərin transmilli şirkətlərin neft-qaz əməliyyatlarında daha səmərəli iştirak etməsinə şərait yaradacaq.

Sonra sənədlərin imzalanması mərasimi keçirilib. Mərasimdə BP və ARDNŞ arasında üç əməkdaşlıq sənədi - "BP-nin idarə etdiyi layihələrə cəlb edilmiş kadrların milliləşdirilməsi sahəsində əməkdaşlığa dair ARDNŞ və BP arasında protokol", "Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi sahəsində əməkdaşlıq barədə ARDNŞ ilə BP arasında anlaşma memorandumu" və "Bakı Ali Neft Məktəbində təhsil sahəsində əməkdaşlığa dair ARDNŞ ilə BP arasında anlaşma memorandumu" imzalanıb.

AzNews.az