- Köhnə - Cəmiyyət
- 18 Noyabr 2013 13:02
- 4 595
Çəpiş öpüşü
Müstəqilliyimizin bir faydası da o oldu ki, bir vaxtlar "Azadlıq radiosu"na belə qulaq asmağa qorxduğumuz Amerikanı hətta gözümüzlə gördük.
Bir demişik, bir də deyək: indi bu ölkənin hördüyü TORLAR artıq adiləşməkdə: Bakını su yoluna döndərmiş senaTORLAR da, Minsk qrupundakı kuraTORLAR da, camaatımıza demokratiya mühazirələri oxuyan araTORLAR da...
Və efirimizi basmış terminaTORLAR da.
Hə e, hə, bu ölkənin filmləri başdan-ayağa kinodu, kino. Hələ mən adi tamaşaçı gözünün görə bildiklərindən danışacağam.
Amerika filmlərində, nədənsə, baş qəhrəman həmişə evdə tək yaşayır. Atası, anası, babası, nənəsi qəti gözə dəyməz, bacı-qardaşları isə, deyəsən, heç yerli-dibli olmayıb. Bəzi hallarda baş qəhrəmanın yalnız bircə dənə uşağı olur ki, o da mafiyanın oğurlayıb pul tələb eləməsi üçündü.
Hərçənd, Azərbaycan filmlərində baş qəhrəmanın evi kül-külfətlə dolu. Az qala, bütün nəsil bir evə cəmlənər. Məsələn, o boyda kolxozun sədri ola-ola, Rüstəm kişi oğlu Qaraşa altı sot torpaq ayırmayıb ki, özünə bir daxma tikib ailəsiynən sərbəst yaşasın.
Amerika filmlərində baş qəhrəman yeməyi ancaq restoranda yeyər. Qəti evdarlıqları yox. Düzdü, hər on filmdən birində evdə şam eləmək cəhdləri olur, amma onda da yemək süfrəyə gələn kimi ya polisdən iş yoldaşı, ya da banda yoldaşı mütləq zəng eləyib hadisə yerinə çağırmalıdı.
Qadasını alım Azərbaycan filmlərinin: Məsələn, "Qanun naminə"dəki kimi, qonaqlıqçün, hərənin əlində bir qazan olmaqla, bütün rayon səfərbər olub baş qəhrəmanın evinə doluşmadısa, filmin beş-on dəqiqəsi təkcə plovun ocaqda dəmlənməsi prosesini göstərmədisə, nə ləzzət?! Ya da, "Ad günü"ndəki kimi, filmin tən yarısı yemək məclisiyçün bazarlıq məsələlərinə həsr olunmadısa, o nə film, ay gülüm?!
Amerika filmlərində istənilən qapının qıfılını sancağın ücüyla açmaq mümkün. Baş qəhrəman kompüterdə istənilən parollu faylı vaxt qurtara-qurtarda mütləq açır. Özü də mışdan istifadə eləmir ha. Nədənsə, amerikalıların hamısı klaviaturada dəhşətli bir sürətlə "işləyə bilir".
Belə görünür ki, Məmmədxan da gələcək, amma Azərbaycan filmlərinə kompüter gəlib çıxmayacaq. Vay-vaay, o gün baxdığım lap təzə çəkilmiş bir ekran əsərində Allahın kalkulyatoru da yox idi, Rüstəm kişinin mühasibinin həmin çötkəsiylə vurub-çıxırdılar, hə, tooba, o dəqiqiə tanış gəldi.
Amerika filmlərində baş qəhrəmanın minalanmış maşınına kim gəldi oturar, özündən başqa. Maşınlar qəzaya düşərkən mütləq yanıb kül olarlar. Nədənsə, baş qəhrəmana üç metr məsafədən atəş açılsa da, ona dəyməz. Dəyəndə isə, kürəyinə bir pulemyot darağı boşaldılsa da, yaraları üç gün ərzində mütləq sağalar. Baş qəhrəman yaralananda heç bir ağrı hiss eləmir və yarasını bağlayarkən ufuldamır. Atışma vaxtı çaya tullanmaq , ya da evdə vannaya girmək kifayyətdir ki, güllələr adama dəyməsin. Amerika suları, nədənsə, gülləkeçirməzdirlər.
Azərbaycanın belə problemi yox. Odlar yurdunun filmlərində odlu silaha qəti rast gəlməzsən. "Müasir" filmlərimizdə ən müasir silah bıçaq. Bəzi hallarda balta, bel, yaba da kullanılmaqda. Cəmi dörd filmimizdə tüfəngdən istifadə olunub ki, onun da ikisində tüfəngin gülləsi olmayıb.
Bizim təzə filmlərimizin də köhnə dəyirmanlarında Cəbi kimilərini yalnız bıçaqla öldürürlər.
Tarixi filmlərimizdə isə... Oğuz ordusunun ən seçmə igidlərindən birinin yayı o birinin əlində qırılmadımı? Qaraca Çoban silah əvəzinə qoyun-quzuya sarılmadımı?
Amerika filmlərində baş qəhrəman heç vaxt qanunla cəzalandırılmır, bütöv bir məhəlləni yer üzündən silsə belə. Ən vicdanlı polisləri təqaüd vaxtlarına iki-üç gün qalmış öldürürlər. Əməliyyat tapşırığına iki polis göndərmək lazımdırsa, mütləq bir-birindən zəhləsi gedən iki nəfəri seçirlər. Polis təhqiqatı aparılarkən mütləq gecə klublarından birinə baş çəkmək lazım gəlir. Hər kinoda mütləq bir barmen var ki, mafiyayla əlaqəlidir.
Azərbaycan filmlərində müstəntiqlərimiz təhqiqatçün o cür yava yerlərə getmirlər. Ümumən, bizim kinoda nə milisi, nə də polisi hadisə yerində görən olmayıb. Azərbaycan filmlərində, öldür, müstəntiq kabinetindən çölə çıxmaz. O, camaatı gətirdər kabinetinə, "Bəxt üzüyü"ndəki" kimi.
Amerika filmlərində pis yuxu görənlərin hamısı eyni yestlə hövlank qalxıb yerin içində oturmalı və dərindən nəfəs almalıdırlar.
Azərbaycan filmlərində pis yuxu yox. Yatanların hamısı ağappaq duman içində şirin röya görürlər. Və "Ulduz" filmindəki Məhəmməd kimi, ha çağırırsan, oyanmır ki, oyanmır. Başlayır mızıldanmağa ki, "qoy yataq daaa"
Həə, bu yaxınlarda eşitdim ki, "Çəpiş öpüşü" adlı film çəkmək istəyirik. Öpürəm.
Tük keçəlin başına...
publika.az