Gəncə “Avropanın Gənclər Paytaxtı“ elan olundu

Gəncə şəhəri 2016-ci il Avropanın Gənclər Paytaxtı seçildi.

Gəncə şəhər İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, Gəncə şəhəri 2016-cı ilin Avropa gənclər paytaxtı adını qazanmaq üçün namizədliyi irəli sürülən 12 şəhər sırasından seçilmiş 5 şəhərlə - Badajoz (İspaniya), Qalvey (İrlandiya), Laquna (İspaniya), Varna (Bolqarıstan),Vilnüs (Litva) final mərhələsində mübarizə aparıb.

Avropa Gənclər Foumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Milli Şurasının və Kluj Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunan münsiflər tərəfindən Gəncə şəhəri 2016-cı ilin Avropa gənclər paytaxtı seçilib.

Qeyd edək ki, Avropanın Gənclər Paytaxtı 1 il ərzində öz gənclərinin mədəni, sosial, siyasi, iqtisadi həyat və inkişafını nümayiş etdirmə şansı qazanır. İlk paytaxt adına 2009-cu ildə Rotterdam (Hollandiya) layiq görülüb. Sonrakı illərdə Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan) və Kluj-Napoka (Rumıniya) şəhərləri də qələbəyə nail olub.

AzNews.az