- Köhnə - Cəmiyyət
- 23 Noyabr 2013 10:02
- 5 839
Cəhalətin öncülləri
Hətta özünü İslamın mahiyyətindən xəbərsizlər üçün günümüzün böyük üləma-filosofu kimi təqdim edən İlqar İbrahimoğlu cənabları da eyni mətni təkrar ifadə edəndə, anladım ki, məsələnin kökü fərqli tərəfdədir. Demək ki, cəhalətə qarşı, İslamın təhrif olunmasına qarşı mövqeyimiz tam hədəfinə dəyib. Və bu adamları o qədər qəfildən işə qoşublar ki, yanlış olaraq mənim ifadə etmədiyim bir mövqeni də adıma qeyd ediblər.
Görünür təlimatın farsca tərcüməsində bir qədər yanlışlıq olub. Çünki mən bir də diqqətlə səhifəmi, müsahibələrimi araşdırdım və gördüm ki, konkret olaraq aşuranın əleyhinə hansısa fikir bildirməmişəm. Söylədiyim ifadəni olduğu kimi təqdim edirəm: "Zəncir vurmaq, qan çıxarmaq kimi adətlərə gəlincə isə Fazil Mustafa vurğulayıb ki, dində bu adət yoxdur: "Ümumiyyətlə, insanın özünə zəncir vurmağı, qan çıxarmağı axmaqlıqdır. Çünki bunun nə İmam Hüseyn üçün faydası var, nə də İmam Hüseyn kimi zəki şəxsiyyət heç vaxt belə bir addımı rəva görməzdi.
Çünki onlar peyğəmbər tərbiyəsi görmüş adamlardır. Peyğəmbər tərbiyəsi görmüş adam özündən sonrakı insanların özlərinə belə ziyan vurmağını istəməzdi. Amma görünür ki, Azərbaycan özünə İrandan köçürülmə İslam anlayışı əxz edib və bu anlayış da indiyə qədər Azərbaycan cəmiyyəti üçün ancaq cəhalət və nadanlıq yayılması üçün əsas alatə çevrilib". Üstəlik bu mövzuda sağlam münasibət bildirən, qan vermə aksiyası keçirən, zəncir vurmanın yanlış olduğunu ifadə edən Allahşükür Paşazadə cənablarının da mövqeyini paylaşaraq dəstəkləmişəm.
Mən din xadimi deyiləm. Siyasi partiya rəhbəriyəm, hüquqşünasam. Dini dünyagörüşümüzü tədqiq etmiş fəlsəfə doktoruyam. Deputat kimi ictimai statusum tələb edir ki, hər bir təzahürə insan haqları kontekstindən yanaşım. Bütün dinlərə və dini ayinlərə da yanaşmam bu cürdür. Hansı inancdan asılı olmayaraq bir şəxs əgər Azərbaycan vətəndaşıdırsa, onun hüququna da, inancına da sayğılıyam.
Nəinki İlqar İbrahimoğlunun hansısa ayini icra etməsinə, hətta bir erməni-qriqoryanın, rus-provoslavın, alman protestantın, katolikin və musəvinin ibadətinə vicdan azadlığı tələblərinə uyğun yanaşıram. Bununla belə, müsəlman olduğuma görə, İslamın iman şərtlərindən sual soruşulanda gerçək İslamın mahiyyəti barədə fikirlərimi açıqlayıram.
Yəni söyləyirəm ki, İslamda ən böyük möcüzə Quran-i Kərimdir, onu anlayaraq oxuyun, ən böyük şəxsiyyət Həzrəti Məhəmməddir, onun həyatını örnək götürün və öyrənin, Raşıdi xəlifələrinə, eləcə də Ömər ibn Əbdüləziz kimi simalara, Peyğəmbərimizin Əhl-i Beytinə, böyük İslam alimlərinə, sərkərdələrinə hörmətlə yanaşın, peyğəmbərimizin vəfatından sonra baş verən bütün hadisələrə isə İslam tarixinin faydalı və ya faydasız epizodları kimi yanaşın, bu dinin iman əsasları ilə hədisləri, mərasimləri bir-birinə qarşıdırmayın.
Başqalarına lənət oxumaq, nifrət aşılamaq, boş başını yarmaq, zəncirlə özünü döymək, peyğəmbərin qadınına əxlaqsız demək, yaxın silahdaşlarına küfr etmək ədəbsizlikdir, tərbiyəsizlikdir, cahillikdir. İndi buyurun cənab İbrahimoğlu, bir-bir Quran ayələrindən sitat gətirib, söylədiklərimizin hansının İslama zidd olduğunu, İslam vəhdətini pozduğunu isbatlayın.
Əməvilər məsələsinə gəldikdə isə, əslində mən sizi və sizi dəstəkləyənləri hər zaman o dönəmin Kufə əhli kimi xarakterizə edirəm. İmam Hüseyni dəstəkləməyi vəd edən, sonra da Yezidin təzyiqi ilə vədinə əməl etməb onu az saylı tərəfdarı ilə zalimlərlə üz-üzə buraxan namərd Kufə əhli, sonradan Peyğəmbərin sevimli nəvəsinin şəhadıtinə hamıdan çox ağladıqlarını gözə soxmaqla, əslində tarixi riyakarlıqlarını ört-basdır edirdilər.
Mən ictimai-siyasi həyatımızın müxtəlif sahələrinə aid görüşlərimi açıqlarkən kiminsə fikirlərini dəyişmək, inandıqlarına hörmətsizlik etməyi, əsla düşünmürəm. Sadəcə öz doğru bildiklərimi vətəndaşlarımıza çatdırıram ki, düşünsünlər, müzakirə və müqayisə etsinlər. İnanın, bizim dünyəvi dövlət modelində İslam bəzi qonşu ölkələrdəki kimi, cənab İbrahimoğlu kimilərin obrazında cəhalət yaşantısı olaraq beyinlərə yeridilərsə, bu gözəl əxlaq dininə insanlar hər zaman ehtiyatla, qorxu dini kimi yanaşacaqlar.
AzNews.az