Hərbçilər təsərrüfat işlərindən kənarlaşdırılır– Monitorinq


Ombudsman Aparatının əməkdaşları Ağdam və Bərdə rayon ərazisində yerləşən hərbi hissələrə baxış keçirib.

AzNews.az-ın Ombudsman Aparatının rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və baş məsləhətçisi Adil Hacıyev Müdafiə Nazirliyinin əməkdaşı ilə birlikdə Ağdam və Bərdə rayonları ərazisində yerləşən N saylı hərbi hissələrə baxışlar keçiriblər.

Hərbi hissələrdə tanışlıq zamanı şəxsi heyətlə fərdi və kollektiv söhbətlər aparılıb.

Həmin hərbi hissələrə əvvəlki başçəkmələrlə müqayisədə hərbi qulluqçuların məişət şəraiti, əşya, ərzaq və tibb təminatları ilə bağlı son vaxtlar müsbət dəyişikliklər müşahidə olunub. Başçəkmə zamanı bu sahədə çatışmazlıqlar aşkar edilməyib, yeməklərin keyfiyyəti və miqdarı müvafiq normalara uyğun olub.

Eyni zamanda məlum olub ki, döyüş bölgəsində yerləşən hərbi hissələrin məişət şəraitinin daha yaxşılaşdırılması və hərbi qulluqçuların təsərrüfat işlərindən kənarlaşdırılması, bu işlərə mülki şəxslərin cəlb edilməsi istiqamətində islahatlar aparılır.

Aparılmış islahatlar hərbi qulluqçular tərəfindən razılıqla qarşılanır, onların hüquqlarının müdafiəsinin, orduda ideoloji, hüquqi maarifləndirmə və təlim-tərbiyə işlərinin, həmçinin şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, eyni zamanda vətənə sədaqət və vətənpərvərlik mühitinin gücləndirilməsinə xidmət edir.

AzNews.az