Pensiyalar vətəndaşların şəxsi hesablarına köçürülüb


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) noyabr ayı üzrə əmək pensiyalarının maliyyələşməsini vaxtından əvvəl başa çatdırıb.

DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi noyabr ayının 25-i tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.

Qurumun mətbuat xidmətinin rəhbəri Elman Babayev AzNews.az-a açıqlamasında deyib ki, bu ilin 10 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

10 ay ərzində Fondun gəlirləri 2 milyard 208 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz və ya 83 milyon manat çoxdur. Sosial sığorta gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 1 milyard 253 milyon manata çatıb. Daxilolmaların 57 faizi və ya 796 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,6 faiz və ya 107 milyon manat çox olmaqla proqnozun 115 faiz icra edildiyini göstərir. Cari ilin 10 ayı ərzində Fondun xərcləri 2 milyard 119 milyon manat olub və bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Bu dövrdə Azərbaycan prezidentinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 2 sərəncamı uğurla icra olunub. Nəticədə əmək pensiyalarının orta aylıq məbləği 170 manata, minimum məbləği 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 45 faizə çatdırılıb.

2013-cü ilin oktyabrın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 274 342 nəfər təşkil edir. Cəmi əmək pensiyası alan şəxslərin 39,5 faizi kişilərdən, 60,5 faizi isə qadınlardan ibarətdir. Onlardan 62,2 faizi yaşa görə, 27,1 faizi əlilliyə gərə, 10,7 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.

AzNews.az