Uduzduğumuz dağlar

Azərbaycanın Aran bölgələrinə səfərlərdə yaşadığım duyğular heç də ürəkaçan sayılmaz. Bu ərazilərin qışından, yayından heç də insanların zövq aldığını düşünmürəm. Mərhum Səməd Vurğunun təbliğat xarakterli "Muğan" poemasındakı gözəl təbiət təsvirləri bəlkə də bölgəni fərqli cür nəzərdən keçirməyə bizləri alışdırsa da, müstəqil bir ölkənin şərtləri içindən başqa cür baxışa zərurət olduğunu hiss etməyə başladım.

Bu ərazilərə daha çox 1947-ci ildən başlayaraq Ermənistanın dağlıq ərazilərindən Azərbaycan türkləri mərhələlərlə köçürülmüş və bu insanlar məcburi olaraq dağ adamından aran adamına çevrilməyə məhkum edilmişlər. Əvvəllər Muğan, Aran zonalarını, Kür-Araz vadisini əhatə edən bu torpaqlarımız XIX əsrdən başlayaraq Rusiyadan dini baxışlarına görə sürgün edilən malakan adlandırdığımız zümrənin yerləşməsi üçün cəzaçəkmə məkanı olaraq düşünülmüşdü. Şoran torpaqlar, nəmişlik, yayının istisinə, qışının soyuğuna dözülməsi çətin olan, ağcaqanadların, zəhərli ilanların tüğyan etdiyi bu ərazilərdə soyuq Rusiya havasından gələnlər əlbəttə ki, ekoloji faciə ilə birlikdə acınacaqlı şəraitə uyğunlaşaraq yaşamalı olmuşlar. Eynilə Dadaloğlunun söylədiyi kimi, "ölən öldü, qalan sağlar bizimdi..."

Sovetlər dövründə bu ərazilər zəhərli maddələrin səpilməsi ilə müşayiət olunan, qul əməyinin yayğınlaşdığı pambıq plantasiyaları üçün əlverişli məkan kimi seçilmiş, bölgənin normal yaşam şərtlərinə qovuşması üçün əsaslı işlər görülməmişdir.

Əslində burada təbiəti ram etməyin çətinliklərini düşünərək, bu ərazilər daha çox texniki bitkilərin becərilməsi üçün əlverişli sayılmışdır. Drenaj sistemləri natamam şəkildə və kustar üsulla qurulmuş, torpağın şoranlaşmasının qarşısını almaq üçün yetərli olmamışdır.

Burada torpağın şoranlığı geniş yaşıllıq zolaqlarının salınmasını və qorunmasını imkansız etmiş. Belə bir təbiətə nəsilbənəsil sürgün edilən Qərbi Azərbaycandan olan həmvətənlərimiz əslində bilərəkdən ekoloji yerdəyişmənin fəsadları ilə baş-başa buraxılmışdılar. On minlərlə insan dünyasını dəyişmiş, tamamilə əks iqlim şərtlərində sağalmaz xəstəliklər düçar olmuşlar. Bu, sovet dövrünün düşünülmüş siyasəti idi. Bəs indi dəyişən nədir?

Əslində bölgə ilə bağlı aparılan siyasət yenə də bölgənin əsas probleminin çözülməsinə yönəlməmişdir.

Regionların inkişafı deyilən kampaniyanın buraya da təsirindən danışmamaq insafsızlıq olur. 20 sm qalınlığında olması nəzərdə tutulan yolun asfaltı 7-10 sm olsa da, çəkilir. Filtrləri az sayda qoyulsa da, sutəmizləyici qurğular düzəldilir, artezian quyuları qazılır, məktəblər, obyektlər, idman qurğuları tikilir, parklar salınır - bütün bunlar da neft pullarının ölkəmizə daxil olmasından sonra baş verən dəyişikliklər olduğuna görə ədalət naminə qeyd olunmalıdır.

Yalnız bir problem həll olunmur və belə bir niyyət də görünmür. Bölgə şoranlaşmadan xilas olmalıdır, ancaq gündən-günə əkinə yararlı torpaqlar şoranlıq ucbatından sıradan çıxmağa başlayır. Sovet dövründən qalan suvarma və drenaj sistemləri vəhşicəsinə dağıdıldıqdan sonra ayrılan vəsaitlərin bu problemin həllinə yönəldiyini söyləməkdə çətinlik çəkirəm.

Bunlar geniş bir mövzu olduğundan, buradan birbaşa əsas mətləbə keçmək istəyirəm. Məndə həmişə sual doğurur ki, bu bölgələrdə həm Çar Rusiyası, həm də sovet dövründə çox cüzi sayda erməni və yəhudi millətinə mənsub ailələrin yaşadığını müşahidə edərdin. Ermənilərin əksəriyyəti Azərbaycanın ucqar dağlıq hissəsində yerləşməyə üstünlük verirdilər və Dağlıq Qarabağda da saylarının çoxalmasına bu faktor ciddi təsir göstərirdi. Bakıda məskunlaşanların böyük əksəriyyəti sovetlərin məqsədli demoqrafik siyasətinin axarında neft sənayesində üstün mövqenin qorunması naminə şəhər mühitində qalmağı düşünmüşdülər, ancaq müstəqil seçim fürsəti tapanlar mütləq dağlıq bölgələrə üz tutaraq burada ən sərt şərtlərdə belə yaşayış üçün şəhərəbənzər şərait yarada bilirdilər.

Düşünürəm ki, Azərbaycan Qarabağ savaşında təkcə şəhid verməyib, mal-mülk itirməyib. Azərbaycan həm də dağları uduzub ermənilərə. Bütün əsas dağlıq strateji məntəqələr ermənilərin əlindədir və başlamaq istədiyimiz savaşın da ən böyük çətinliyi bununla bağlıdır. Dağlarda döyüş fərqli bir döyüşdür və daha çox peşəkarlıq, resurs tələb edir. Azərbaycanda hamı Bakıya axışdı, axıb gələ bilməyənlər də əlverişsiz iqlimdə yaşadıqları o şəraitsiz bölgələrdə qalmağa üstünlük verdilər və nədənsə dağlara kütləvi axın baş vermədi. Əslində bu, bir xaraktersizlik sindromunun genişlənməsinə yardım etdi. Dağ adamı şəhərləşə bilməməklə yanaşı, təbiəti etibarilə aranlaşa da bilmədi. Üstəlik də dağlardan imtina edərək, özünəməxsus məşğuliyyət vərdişlərini də itirməyə başladı.

Əlbəttə, bunu 1988-ci ildə Qarabağdan və Qərbi Azərbaycandan məcburi deportasiya dalğasında etmək xeyli çətin idi və dağlıq bölgələrdə yaşam şərtlərinin ağırlığını düşünərək cəlbedici bir yönləndirmə siyasəti aparmaq da mümkün deyildi. Fərdi qaydada bu seçimi edənlər çox vaxt əllərinə düşən ilkin fürsətdən imtina etməyərək, bu bölgələrdə məcburi məskunlaşanlar idi. Ancaq sonrakı dönəmlərdə şəhərdən köçürmə əməliyyatlarında, qaçqınlar üçün yaşayış məntəqələrini tikilməsində çox ciddi yanlışlığa yol verildi. Bu infrastrukturu və təminatı mütləq ən ucqar dağlıq bölgələrdə etmək vacib idi. Bakının ətrafında ekoloji cəhətdən natəmiz bir mühitdə, yaxud da Aran bölgələrində bu yaşayış komplekslərinin tikilməsi əvəzinə, bunu ölkənin dağlıq ərazilərində etmək daha ağıllı siyasət olardı. Bu təkcə qaçqınlara və məcburi köçkünlərin yenidən məskunlaşma siyasətinə yönəlik olaraq düşünmürəm. Hər hansı bir bölgədən Azərbaycanın şumaldakı quru havalı ucqar dağlıq ərazilərində məskunlaşmağa hazır olan müəllimlərə, həkimlərə, digər mütəxəssislərə, ayrıca ailələrə xüsusi imtiyazlar, işlə təminat imkanları tanınmalı idi. Və bütün hallarda şəhərdə, aranda yaşayan əhali sayı ilə dağlıq ərazilərdə yaşayanların sayı arasında lazımi balans yaradılmalı idi.

Məncə, sistemli bir dövlət stimullaşdırması ilə Azərbaycanda dağlıq ərazilərə könüllü və kütləvi qayıdış prosesi başlamalıdır. Burada söhbət dağ kəndlərində ev və ya təsərrüfat alıb ildə bir-iki dəfə baş çəkməkdən getmir. Yaşamaq üçün daimi məskunlaşmadan gedir söhbət. Bu, həm də Azərbaycan insanı üçün bir qalıcı xarakter formalaşmasına yardım edə bilər. Qarabağ savaşı göstərdi ki, biz ermənilərdən, hətta Şimali Qafqaz xalqlarının çoxundan milli xarakterin natamamlığına görə geridəyik. Dağlıq bölgələrdə məskunlaşma faizi aşağı olarsa, bu, dövlətin ərazisinin qorunmasını da təhlükəyə soxa bilər. Hər hansı xarici müdaxilədə əsas qorunma səngərimizin təbiət olmasını da burada nəzərdə tuturam.

Bu, əlbəttə ki, əsas strateji hədəflərini uduzmuş bir xalqın gələcəyə yönəlik qalıcı xarakter formalaşdırma yollarından biri kimi sağlam mühakiməsi olan dostlarla müzakirədə ortaya çıxarılan variantlardan bəlkə də biridir. Ancaq düşünürəm ki, həm də gözardı edilməyəcək bir məqamdır...

AzNews.az