Müəllimlər imtahan vermədən iş yerlərini dəyişə biləcəklər - Video

Təhsil Nazirliyinin 1 580 vakant yer üzrə apardığı müsabiqədə 307 müəllim işə qəbul olunub. Həmin müəllimlər dekabr ayının ilk həftəsi qəbul olunduqları məktəblərdə işə başlayacaqlar. Vakant yerlər ən çox Lerik, Quba, Gədəbəy, Xaçmaz, Daşkəsən və Cəlilabad rayonlarında olub.

"Biz həvəsləndirmə tədbirlərini artırmışıq. Əgər əvvəllər 800 müəllimə rayonlarda işləməsi üçün həvəsləndirmə təklifləri var idisə indi bu rəqəmi 2 500 çatdırmışıq" - deyə Təhsil Nazirliyinin şöbə müdiri, Fərzəli Qədirov bildirib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı keçiriləcək növbəti müsabiqəni fərqli şəkildə aparacaq. Öncə məktəblərdə çalışan yaşayış yeri ilə əlaqədar işi digər məktəblərə dəyişmək istəyən müəllimlər üçün vakant yerlər elan edəcək.

Fərzəli Qədirov məktəbini səyişmək istəyən müəllimlərin imtahan verməyəcəyini deyib: "Bizə iş yerini dəyişmək üçün müəllimlər çox müraciət edir sonra biz onu dəyişdirəndə, aləm dəyir bir-birinə. İndi belə olmayacaq. Öncə onlar vakant yerlərdən istifadə edəcəklər, sonra boş qalan yerlərə elan veriləcək. Onlar heç bir imtahan verməyəcəklər".

Müəllimlərin işə qəbulu ilə bağlı növbəti müsabiqə gələn ilin iyun ayında aparılacaq.




AzNews.az