Kitab oxumaq qədər təhlükəli...

Güman edirəm ki, dünyanın olmasa da türk dünyasının ən məşhur yalanı hardasa bütün uşaqlara deyilmiş "Səni leyləklər gətirib" ifadəsidir.

Bu, valideynlərimiz tərəfindən sadəcə ilk aldanışımızdır. Hansı ki, uşaqlığımızın leyləyin dimdiyindən düşüb xurd-xəşil olmadığına görə, özümüzü şanslı hesab edirik.

Sonralar böyüklərimizdən soruşduğumuz, ağlımızda yarana biləcək bütün sualların cavabını öz aldandıqları, çox vaxt da özlərinin də inanmadıqları "həqiqətləri" ilə cavablayıb, bizi dünyanın ən gözəl gözlü heyvanı kimi yüklədilər.

Və biz illər boyu beynimizin bu yükü ilə həyatın labirintlərində "yaşamaq" dediyimiz şeyə davam edəsi olduq. Təbii ki, bu yükün çəkisi bizi arxasınca dartdı və daha çox yalan-yanlış istiqamətlərə getdik.

...Daha sonralarsa başqalarına ehtiyac qalmadı. Ruhumuza hopdurulmuş bu yanlış həyat fəlsəfəsinin təsirindən çürük və yanlış fikirlər istehsal eləyib, ÖZÜMÜZÜ ALDATMAĞA BAŞLADIQ.

Ta o vaxta qədər ki, həqiqətlər şillə kimi üzümüzə çırpılıb, bizi böyüklərimizin mənasız dəyərlər içində uyutduğu qəflət yuxusundan oyatdı. Beləcə həyatın ortasında "nokaut" vəziyyətində qaldıq.

Bundan sonra isə... Ömrümüzün "qızıl vaxtlarını", ən məhsuldar çağını rahat yaşamaq yerinə, bu yaşa kimi bizə sırınmış "dəyərləri" üstümüzdən söküb atmağa xərcləyirik. Bu "şillənin" yan keçdiyi adamlar da var ki, elə ömür boyu o yüklə yaşayıb, o yüklə də dünyadan bixəbər ölüb gedirlər.

Mənə bu "şilləni" vurub oyadan oxuduğum kitablar olduğu üçün həmişə elə bilmişəm bəlkə, kitab oxuyan adamlar, mütləq, həyatı düzgün başa düşür. Məsələn, heç vaxt ağlıma gəlməzdi ki, bir insan Dostoyevskini, Çexovu, Hüqonu oxuyub vicdansız, əclaf ola və ya vicdansız, əclaf qala bilər.

Amma bir yaxın qohumum var ki, evində iki böyük Rus və Fransız ədəbiyyatından ibarət kitabxanası var. Demək olar ki, dünya ədəbiyyatında o ciddi əsər yoxdu ki, oxumasın. Di gəl ki, bu məmur qohumumun bacı--qardaş uşaqları var ki, yaşadıqları evin aylıq kirayəsini tapıb vermək üçün it zülmü çəkir, o isə 4-5 evinin qapısını bağlayıb hələ evlənməmiş övladlarının nə vaxtsa dünyaya gələcək cocuqları üçün saxlayır.

Bu qədər kitab oxuyub da bu qədər dünyagir, bədbəxt olmaq dəhşətdi. Çox uzağa getməyib elə yaxın çevrəmizdən bu cür nə qədər misallar çəkmək olar. Belə ümumbəşəri faciələri bir kənara qoyub milli faciəmizdən bir neçə kəlimə deyim. Kitabsevrələr məni yaxşı anlayar. Adam bir yerdən sonra yeni kitablardan daha çox "ikinci əl" dediyimiz kitbalara meyl edir.

İndi bu marağın izahını vermək istəyərdim, amma təəssüf, bacarmayacam. Zatən bunu bilməyənlər heç bir izahla anlamaz, bilənlərsə bilir.

Sözümün mustafası.
Üçüncü mikrorayon ərazisindəki bir küçədə "daşüstü" deyilən yer var. Eşitdim ki, orda ucuz qiymətə "ikinci əl" xırda-para məişət əşyaları satılır.

Bir gün ehtiyac yolumu ordan saldı. 50-60 yaşlarında olan bir neçə kişi-arvad köhnə əşyaları yolun kənarındakı sal daşın üstünə düzüb satırlar.

Burada ən çox xoşuma gələn "də ikinci" əl kitablar oldu. "Kerri bacı", "Hərb və sülh","Qara və qırmızı" "Kəlilə və Dimnə" dən tutmuş, Çingiz Abdullayevin külliyatınacan xeyli əsərlər...

Mən kitablardan bir qədər aralıda alacağım əşyaya baxarkən oğlum da kitablara baxmaq üçün onları qurcalayırdı. Kənardakı daşın üstündə oturub kitab oxuyan kişi səsinin qalın yerinə salıb, uşağın üstünə qışqırmağa başladı:

-Niyə əl vurursan, qarışdırdın yerlərini, uşaqsan yerini bil, get dur ananın yanında...

Di gəl burda tut özünü. İlk diqqətimi çəkən əlində oxuduğu İsa Hüseynovun "Tütək səsi" romanıydı.

Yaxınlaşıb xeyli mübahisə etdik. O yekəlikdə kişiyə heç cür başa sala bilmədim ki, uşağımın kitabları baxmaq üçün əlinə götürüb, sonra da bir az fərqli yerə qoyması sən düşüncədə bir adamın kitab satması, üstəgəl oxumasının anormallığı qədər normaldı.

Əsəbdən daha çox təəssüf hissiylə mübahisəni yarımçıq kəsib qanıqara düzəldik yola. O isə arxamızdan dədəm yaşda kişiylə mübahisəyə girdiyim üçün tərbiyəsizlik etdiyimi deyir, söyüb yamanlayırdı məni: "Səni evindən çıxaranın..., sənə çörək verənin..., səni saxlayan kişinin..."

Nəsrəddin Tusi deyib: "Kitablar ölülüləri diriltməz, axmağı ağıllı, vicdansızı vicdanlı etməz".

Mənimsə bizim insan və kitab münasibətləriylə bağlı gəldiyim qənaət belədir: kitablar sadəcə adamın mahiyyətini, istər müsbət istərsə də mənfi mənada, qidalandırır, böyüdür və leqallaşdırması üçün zəmin yaradır. Ona görə də kitab oxumaq həm də çox təhlükəlidir...

AzNews.az