- Siyasi müzakirə
- 15 Oktyabr 22:12
- 1 185
“BMT-nin təsir mexanizmləri işləməyir: Dünya çoxqütblü sistemə doğru gedir” - Həşim Səhrablı

“BMT-nin son dönəmlərdə gücünün və təsirinin azalması ilə bağlı yayılan məlumatlar əslində yeni hadisə kimi qiymətləndirilməməlidir. BMT yaranandan bu günə qədər onun qərarları əsasən güc amilinə əsaslanaraq ya həyata keçirilib, ya da həyata keçirilməyib. Son dövrlərdə bu boşluqların daha aydın görünməsi isə müəyyən obyektiv səbəblərlə bağlıdır. Əgər BMT-nin 1945-ci ildə yaranmasından 1991-ci ilə qədərki dövrə baxsaq, o zaman dünya iki qütblü sistemdə — SSRİ və ABŞ arasında bölünmüş vəziyyətdə idi. Bu şəraitdə BMT-nin fəaliyyəti bir növ arxa planda qalırdı və onun işlək mexanizmlərə malik olub-olmaması o qədər də nəzərə çarpmırdı. Bunun səbəbi o idi ki, BMT-nin qəbul etdiyi qərarlar adətən böyük güclərin maraqlarına uyğunlaşdırılırdı. SSRİ və onun təsiri altında olan dövlətlərlə bağlı qərarlar həmin dövlətlərə sərf edirdisə, icra olunurdu. ABŞ və onun müttəfiqləri ilə bağlı qərarlar da eyni şəkildə maraqlara uyğun şəkildə həyata keçirilirdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada sülhün təmin olunmasında, münaqişələrin həllində və humanitar problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Lakin son dövrlərdə təşkilatın təsir imkanlarının azalması, işləmə mexanizminin köhnəlməsi və üzv dövlətlər arasında bərabərhüquqluğun pozulması müzakirə olunur. Xüsusilə Təhlükəsizlik Şurasının daimi beş üzvünün veto hüququ BMT-nin effektivliyinə mənfi təsir göstərir. 2025-ci ildə qlobal humanitar ehtiyaclar üçün tələb olunan 45,3 milyard dollardan yalnız 21 faizi, təxminən 9,6 milyard dollar toplanıb ki, bu da üzv dövlətlərin təşkilata etimadsızlığını və maliyyə dəstəyinin azalmasını göstərir.
Siyasi şərhçi bildirib ki, həmin dövrdə BMT hələ tam formalaşmamışdı və beynəlxalq münasibətlər sistemi də öz tam təşəkkülünü tapmamışdı.
“Həmin illərdə SSRİ, Çexoslovakiya, Yuqoslaviya, Çin kimi qapalı dövlətlər, eləcə də bu dövlətlərin siyasi sistemləri BMT-nin dünya miqyasında təsir imkanlarının artmasına mane olurdu. 1991-ci ildə SSRİ-nin dağılması və onun təsir dairəsindəki dövlətlərin çökməsi ilə beynəlxalq münasibətlər sistemində nisbətən yeni mərhələ başlandı. Dünyada nisbətən vahid və təşəkkül tapmış sistem formalaşmağa başladı.ABŞ-ın tək qütb, yəni supergüc kimi çıxış etməsi dövründə BMT də faktiki olaraq onun hegemonluğunu nəzərə alaraq fəaliyyət göstərirdi. Həmin vaxt BMT-nin boşluqlarından və ya işləməyən mexanizmlərindən danışmaq çətin idi, çünki ABŞ beynəlxalq hüquq və qaydaları bəhanə gətirərək istədiyi siyasəti dünyanın demək olar ki, bütün nöqtələrində həyata keçirirdi.Lakin son 10–15 ildə dünya siyasətində yeni güc mərkəzlərinin yaranması vəziyyəti dəyişdirdi. Rusiya yenidən qlobal təsir uğrunda mübarizəyə başladı, Çin iqtisadi və siyasi baxımdan sürətlə inkişaf etdi. Bununla yanaşı, Braziliya, Hindistan, Türkiyə və İran kimi regional güclər də meydana çıxdı. Belə bir reallıqda artıq BMT-nin mexanizmlərinin işləmədiyi, yəni onun effektiv fəaliyyət göstərə bilmədiyi açıq şəkildə ortaya çıxdı. Bu reallıqlar özünü müxtəlif formalarda göstərdi. BMT çox zaman qərarlar qəbul etsə də, onların icrasını təmin edə bilmirdi. Dövlətlərin öz maraqları hər şeydən üstün tutulurdu. Əgər BMT-nin qəbul etdiyi qərar hansısa dövlətin maraqlarına uyğun gəlirdisə, icra edilirdi, əks halda isə görməzdən gəlinirdi. Bu isə təşkilatın işləmə mexanizmini tamamilə sıradan çıxarırdı. Bu gün isə BMT-yə olan inamın ciddi şəkildə azalması müşahidə olunur. Artıq bir çox dövlətlər BMT-nin maliyyələşdirilməsində iştirak etmək istəmir. Hər bir dövlət öz büdcəsini və milli maraqlarını prioritet hesab edir. Böyük, kiçik və orta səviyyəli dövlətlərin hamısı anlayır ki, BMT-nin mexanizmləri əvvəlki kimi işlək deyil və təşkilatın faydalılığı xeyli azalıb. Bunun başlıca səbəbi BMT-nin real güc strukturlarının olmamasıdır. Hazırkı dünyada hələ də “kim güclüdürsə, o haqlıdır” prinsipi hökm sürür. BMT qərar qəbul etdikdən sonra həmin qərarın icrasına nəzarət edəcək hər hansı güc mexanizminə malik deyil. Nəticədə dövlətlər öz maraqlarına uyğun gəlməyən qərarları asanlıqla yerinə yetirməkdən imtina edirlər. Bütün bunlar BMT-nin nüfuzunu və təsir imkanlarını zəiflədir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü — ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya — öz imperial maraqlarından çıxış edir. Onların arasında dünya ağalığı uğrunda rəqabət getdikcə güclənir. Bu vəziyyət təşkilatın mövcud azsaylı işlək mexanizmlərini də tamamilə sıradan çıxarır”.
Siyasi şərhçi əlavə edib ki, buna görə ya BMT-də ciddi islahatlar aparılmalı və qurum günün reallıqlarına uyğunlaşdırılmalıdır, ya da onun qlobal proseslərdəki rolu getdikcə zəifləyəcək:
“Əgər islahatlar vaxtında həyata keçirilməsə, BMT-nin qəbul etdiyi qərarlar artıq heç kəs üçün əhəmiyyət kəsb etməyəcək. Gələcəkdə vəziyyət dəyişməzsə, beynəlxalq münaqişələr artıq BMT platformasında deyil, regional və ya koalisiya əsaslı formatlarda həll ediləcək. Buna yol verməmək üçün iki əsas istiqamətdə dəyişikliklər aparılmalıdır. Birincisi, BMT-də ədalətli təmsilçilik sistemi yaradılmalıdır. Təhlükəsizlik Şurasının beş daimi üzvü yalnız hərbi və iqtisadi güc baxımından seçilmiş dövlətlərdən ibarət olmamalıdır. Əgər dünya çoxqütblü sistemə doğru gedirsə, onda müxtəlif mədəniyyətləri və sivilizasiyaları təmsil edən ölkələr də bu strukturda daimi təmsil olunmalıdır. Məsələn, Türk–İslam dünyasından Türkiyə, Cənubi Amerikadan, Afrikadan və Asiyadan balanslı şəkildə dövlətlər seçilməlidir. İkincisi, BMT-nin öz güc strukturları formalaşdırılmalıdır. Çoxmillətli hərbi birliklər birbaşa BMT-nin nəzarəti altında fəaliyyət göstərməlidir. Bu birləşmələr təşkilatın sülhməramlı missiyalarına çevrilməli və BMT-nin qəbul etdiyi qərarların icrasını təmin etmək üçün real hərbi imkanlara sahib olmalıdır. Yalnız bu istiqamətdə addımlar atılarsa, BMT-nin nüfuzunu və beynəlxalq siyasətdəki rolunu bərpa etmək mümkün olacaq. Əks halda, təşkilat formal şəkildə mövcudluğunu davam etdirsə də, faktiki olaraq işləməyən bir quruma çevriləcək və tarixə keçəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az