Ramil Usubov Yunanıstan səfirini qəbul etdi

Dekabrın 13-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul edib.

DİN mətbuat xidmətindən daxil olan xəbərə görə, qonağı salamlayan nazir yeni təyinat münasibətilə onu təbrik edib və uğurlar arzulayıb. Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf dövrünü yaşadığını xatırladan daxili işlər naziri ölkələrimizin və xalqlarımızın milli maraqlarına və mənafelərinə uyğun olaraq, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində birgə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra nazir DİN-in fəaliyyət istiqamətləri və funksional vəzifələri, ölkəmizdəki kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən yeniləşmə və islahatlar prosesindən danışıb.

Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir hələ 2008-ci ildə "Azərbaycan Respublikasının Hökuməti və Yunanıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu xatırlatmış, həmin sənədin imzalanmasının əlaqələrin daha da genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacağını, rəhbərlik etdiyi qurumun bu işdə maraqlı olduğunu bildirib.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən səfir Dimitrios Tsounqas ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirmiş, ikitərəfli əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

AzNews.az