FHN-in əməkdaşları Rusiya medalları ilə təltif olunub

2012-ci ilin iyulunda Rusiya Federasiyasının Krasnodar diyarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasındakı xidmətlərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi tərəfindən medallarla təltif olunub.
AzNews.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə dekabrın 13-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin iştirakı ilə keçirilən tədbirdə Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin məlumat verib. Səfir Krasnodarda baş vermiş daşqınlar zamanı Azərbaycan dövlətinin göstərdiyi yardımlara görə təşəkkürünü bildirərək, bu köməyin Rusiya dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib. Vladimir Doroxin iki ölkə arasında dostluq əlaqələrindən bəhs edərək fövqəladə halların nəticələrinin aradan qaldırılması isitiqamətində də iki ölkə arasında birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. 2010-cu ilin avqustunda Moskva yaxınlığında baş vermiş meşə yanğınlarında azərbaycanlı yanğınsöndürənlərin göstərdiyi peşəkarlığı xatırladan V.Doroxin göstərilən yardımlara və köməyə görə bir daha Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Sonra səfir Vladimir Doroxin mülki müdafiə sahəsində, o cümlədən fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində qüsursuz fəaliyyətlərinə və xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Kamil Bağırova, Mülki müdafiə qoşunlarının Qərargah rəisi-komandan müavini polkovnik Aslan Hüseynov və Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Etibar İsmayılova Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyinin təltif etdiyi medalları təqdim edib.


AzNews.az