Leyla Əliyeva: “Biz yenə qayıdacağıq” (FOTO)

Rusiyanın Həştərxan vilayətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ucaldılan müqəddəs Knyaz Vladimirin abidəsinin rəsmi açılış mərasimi keçirilib.

Həştərxan Qubernator Administrasiyasının mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mərasimdə fondun vitse-prezidenti, qurumun Rusiya bölməsinin rəhbəri Leyla Əliyeva, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və vilayətin qubernatoru Aleksandr Jilkinin iştirak edib.

Mərasimdə bildirilib ki, abidənin memarı azərbaycanlı heykəltaraş Natiq Əliyev olub.
Dörd metr uzunluğunda olan abidə kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalqlar arasında dostluq nümunəsi olaraq ucaldılıb.

A.Jilkin isə bildirib ki, tarixi abidənin ucaldılması həm də ədalətin bərpası kimi təqdim olunmalıdır:

"Abidənin ucaldılmasında bütün xərcləri Azərbaycan tərəfi öz üzərinə götürüb. Görülən bu iş ikitərəfli dostluq əlaqələrini daha da möhkəmləndirir və əməkdaşlığın bir nümunəsidir".

Heydər Əliyev Fondun vitse-prezidenti, qurumun Rusiya bölməsinin rəhbəri Leyla Əliyeva isə Rusiya ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən danışaraq, görülən bütün bu işlərin münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini də qeyd edib: "Həştərxanla bizi bir çox məsələlər bağlayır. Görülən bu inşaat işləri artıq iki xalq arasında dostluq körpüsünü reallaşdırır. Hesab edirəm ki, biz bura yenə qayıdacağıq və bizim birgə daha çox layihələrimiz olacaq".

***
13:13
Heydər Əliyev Fondun vitse-prezidenti, fondun Rusiya bölməsini rəhbəri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin prezidenti Leyla Əliyeva Həştərxanda daha bir mükafata layiq görülüb. AzNews.az-ın yerli astrobl.ru saytına istinadən verdiyi xəbərə görə, mükafat L.Əliyevanın bir qurup nümayəndə heyəti ilə Həştərxana səfəri zamanı təqdim edilib.



Səfər çərçivəsində əvvəlcə L.Əliyevanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşü keçirilib. Görüşdə qubernator administrasiyasının rəsmiləri, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də iştirak edib.

Qubernator Aleksandr Jilkin Azərbaycan prezidenti İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu diqqət sözlərlə deyil, həyata keçirilən iri layihələrlə özünü göstərir.

Daha sonra Moskva və bütün Rusiyanın patriarxı Kirillin sərəncamı əsasında Həştərxan və Kamızyak mitropoliti İona tərəfindən müqəddəs Knyaz Vladimirin abidəsinin ucaltdırmasına və Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsindəki çoxsaylı töhfələrinə görə L.Əliyeva 3-cü dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif olunub.

Daha sonra çıxış edən L.Əliyeva deyib ki, Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni edəcək. Leyla xanım Qarabağ probleminə də toxunub. O qeyd edib ki, ərazisinin 20 faizi işğal altında olsa da, Azərbaycanda müxtəlif millətlər, dinlər arasında sülh, əmin-amanlıq mövcuddur, ölkəmizdə rus dilinin inkişafına böyük diqqət yetirilir.

Nümayəndə heyəti daha sonra L.Əliyeva və A.Jilkin şəhərin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsi önünə əklil qoyublar, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş "Meçta" uşaq kafesinin, Knyaz Vladimirin abidəsinin açılışlarında və uşaq bağçasının təməlqoyma mərasimində iştirak ediblər.

Səfərin sonunda L.Əliyeva Rusiya Azərbaycanlı Gəncləri Birliyinin Həştərxan bölməsinin fəalları ilə görüşüb və Heydər Əliyev adına 11 saylı orta məktəbi ziyarət edib.

Xatırladaq ki, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill 2013-cü il 1 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı Həştərxanda Knyaz Vladimirə abidə qoyulmasına göstərdiyi köməyə görə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.

Bu təltifin yüksək statusu onunla təsdiq edilir ki, həmin ordenlə kilsə, dövlət və cəmiyyət qarşısında müxtəlif sahələrdə xidmətləri olmuş qadınlar təltif edilir. İndiyədək Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, böyük knyaginya Mariya Romanova bu ordenə layiq görülüb.


AzNews.az
image description image description image description