5 mütəxəssis Almaniyada ürək cərrahiyyəsini öyrənəcək


Tanınmış ürək cərrahı, Berlindəki Alman Ürək Mərkəzinin direktoru pr. Dr. Roland Hetzer Azərbaycana səfərə gəlib. Tibb Universitetinin (ATU) qonağı olan alman professoru ilə görüşdə ATU-nun rektoru Əhliman Əmiraslanov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Akademik Ə.Əmiraslanovun sözlərinə görə, professor Hetzer ürək transplantasiyası sahəsində dünya miqyaslı mütəxəssisdir: "Qonağımız dünyanın müxtəlif ölkələrində yüksək ixtisaslı mütəxəssislər yetişdirib. Azərbaycandan da bir çox insanların əməliyyatında iştirak edib. İnanıram ki, professor Hetzerin Bakı səfəri Azərbaycanda ürək cərrahiyyəsi sahəsinin inkişafına böyük bir təkan verəcək".

Daha sonra Ürək Mərkəzinin direktoru pr. Dr. Roland Hetzer görüş iştirakçılarına təmsil etdiyi qurum haqqında məlumat verib. Onun sözlərinə görə, ürək cərrahiyyəsi üzrə Berlindəki bu mərkəz ötən əsrin 80-ci illərində yaradılıb. Fəaliyyətdə olduğu 28 il ərzində klinika böyük uğurlar əldə edib. Hazırda mərkəz hər il yüzlərlə əməliyyat icra olunur.

Görüş zamanı ATU ilə Berlin Ürək Mərkəzinin rəhbərləri arasında müqavilə də imzalanıb. Sazişin şərtlərinə əsasən, gələn il ATU-nun ürək cərrahiyyəsi üzrə 5 mütəxəssisi bu klinikada staj keçəcək.

Elnarə
AzNews.az