- Köhnə - Cəmiyyət
- 23 Dekabr 2013 21:16
- 1 269
Müalicədə olan məşhurlarımızdan son məlumatlar

Bədxassəli şişdən əziyyət çəkən sabiq millət vəkili, xalq şairi Vaqif Səmədoğlunun müalicəsi İsrail xəstəxanalarından birində davam edir. Xatırladaq ki, dövlət başçısının müalicə xərclərini üzərinə götürməsindən sonra o, dekabrın əvvəllərində İsrailə gedib.
Dünən V.Səmədoğlunun sağlıq durumunu öyrənmək üçün mobil telefonuna zəng etdik. Ancaq həyat yoldaşı Nüşabə xanımla danışa bildik. "Hazırda İsraildəyik, müalicə davam edir. Allah qoysa, ayın sonlarında Bakıya qayıtmağı planlaşdırırıq" deyə Nüşabə xanım bildirdi. O, həyat yoldaşının vəziyyətinin "orta səviyyədə" olduğunu söylədi: "Həkimlər əllərindən gələni edirlər. Təbii ki, dövlət səviyyəsində ciddi dəstək var, əks təqdirdə bu müalicə həyata keçirilə bilməzdi". Nüşabə xanım şairi yoluxmağa gələnlərin də sayının çox olduğunu vurğuladı: "Bakıdan gələn yoxdur. Ancaq keçmiş bakılılar olan Azərbaycan-İsrail Cəmiyyətinin üzvləri tez-tez gəlib baş çəkirlər". Nüşabə xanımın vasitəsilə "Yeni Müsavat"ın salamlarını çatdırmaqla bərabər, Vaqif bəyin xeyli müddət öncə imkan yaranan kimi qəzetimizə müsahibə verəcəyi barədə vədini də xatırlatmağı xahiş etdik.
"Təyyarəyə minəndə bir az həyəcanlandım. Amma Bakıya çatanda məni qarşılayanları, dostlarımı görəndə həyəcanım keçdi. Şükürlər olsun ki, indi yaxşıyam. İnsana ən rahat yer onun evidir". Bunu isə son günlər ağır xəstəlikdən əziyyət çəkən və Türkiyədə əməliyyat oldunduqdan sonra Bakıya dönən xalq artisti, Azərbaycanın digər tanınmış simalarından biri diktor Rafiq Hüseynov "AzNews.az"-a deyib. Onun sözlərinə görə, səhhəti ilə əlaqədar dostlarını qəbul edə bilməyəcək: "Görürsünüz, danışa bilmirəm. Həkimlər deyib ki, bir müddət ehtiyatlı olmalıyam. Ona görə də dostlarımı qəbul edə bilmirəm. Sağ olsunlar ki, hamı mənimlə maraqlanır. Mənimlə maraqlanan hər kəsə təşəkkürümü bildirirəm".
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Türkiyədə müalicə olunan xanım sənətçi, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artisti Xanım Qafarovanın da müalicələri davam edir. Millət vəkili Qənirə Paşayeva bir müddət öncə öz Facebook səhifəsində yazıb ki, "Fatih Universitesi Hastanesine"ndəki həkimlər Xanım Qafarovanın ciddi müayinə və müalicəsi istiqamətində əllərindən gələni əsirgəmir. "Xanım Qafarova 2 həftə ərzində birinci kurs müalicələrini aldıqdan sonra bir neçə gün Bakıya qayıdacaq sonra isə İstanbulda təkrar müalicələrini davam etdirəcək. Mehriban xanımın qayğısı və sadə insanların diqqəti onda xəstəliklə ciddi mübarizə apara bilməsi üçün böyük ruh yüksəkliyi yaradıb. İnanıram ki, Allah Xanım bacımızın, onun hər gün anası üçün dua edən gözəl balasının dualarını eşidəcək və o Allahın yardımı, onu sevən insanların sevgisi ilə hələ neçə illər insanlarımızı öz sənət uğurları ilə sevincirəcək, övladını böyüdəcək və xoşbəxt və sağlam bir həyat yaşayacaq. Dualarınızı əksik etməyin! İndi onun sevənlərinin sevgi və dualarına hər zamankından daha çox ehtiyacı var".
Allah şəfa versin!
(Musavat.com)