YAP “Gənclər günü”nü qeyd etdi


Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 Fevral "Gənclər günü" ilə əlaqədar tədbir keçirib.

AzNews.az-ın məlumatına görə, tədbirdə baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, vitse-spiker Bahar Muradova, YAP icra katibinin müavini Siyavuş Novruzov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, deputatlar, bəzi media qurumlarının rəhbərləri və təşkilatın üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP GB sədri Seymur Orucov bildirib ki, bu təqvimin əlamətdar gün kimi qeyd olunması Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb:

"Bu günün təsis edilməsi ölkəmizdə gənclərə göstərilən diqqət və qayğısının əsas göstəricilərindən biridir. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı elm, təhsil, dövlətçilik, mədəniyyət, idman və digər sahələrdə özünü göstərir". YAP-ın icra katibi Əli Əhmədov və Milli Məclisin sədrinin müavini Bahar Muradova gəncləri təbrik edərək, qarşılarında duran missiyadan söz açıblar.

Çıxış edənlər bildiriblər ki, gənclik özünün parlaq dövrünü yaşayır və özünə inamı daha böyükdür.

Azərbaycanın gələcəyi ilə bağlı qəbul edilən qərarların məsuliyyəti gənclərin də üzərinə düşür. Gənclər və idman nazirinin müavini İntiqam Babayev son 10 ildə gənclər sahəsinə qoyulan investisiyanın 100 dəfə artdığını söyləyib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin təhsil alması üçün yaradılan imkanlardan danışıb. Onun sözlərinə görə, 2007-ci ildən etibarən həyata keçirilən "Xaricdə təhsil proqramı" çərçivəsində 2625 gənc yararlanıb. Tədbirin sonunda bir qrup jurnalistlərə və ötən il təşkilatın fəaliyyətində aktivlik göstərən gənclərə mükafatlar təqdim edilib.

Amid
AzNews.az