- Köhnə - Cəmiyyət
- 8 Fevral 2014 10:43
- 6 793
İntihara od püskürən mətbuat(?) – Ekspertlər etiraz edir
Bu məsələdə xüsusən televiziya kanalları günahlandırılır.
AzNews.az-a açıqlama verən media mənsublarının məsələyə baxışı isə fərqlidir. Onların fikrincə, problemin kökü ilk növbədə ailədə və cəmiyyətdə axtarılmalıdır.
"Televiziyalar bu məsələlərdə həddən artıq həssas olmalıdırlar"

Tanınmış jurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, intihar hadisələrinin çoxalmasında televiziyaları və sosial şəbəkələri günahlandırmaq ədalətsizlik olardı. Çünki mətbuatda bu barədə yayılan məlumatlar yalnız nəticədir:
"İntihar hallarının həddindən artıq şişirdilməsi bu və ya başqa formada bədbinləşmiş, bəzən ictimai ədalətsizlikdən boğaza yığılmış insanların intiharına gətirib çıxara bilir. Məsələn, vaxtı ilə Azərbaycanda televiziyaların birində "Tarzan" filmi nümayiş olunanda uşaqları bir yerdə saxlamaq olmurdu və onlar qaçıb ağacdan sallanırdılar".
Teletənqidçi hesab edir ki, hazırda televiziya və sosial şəbəkələrin təsirini o dövrdəki filmlərin təsiri ilə müqayisə etmək olmaz. İndi artan daha çox psixoloji həssaslıqdır: "Televiziya və sosial şəbəkələr buna təkan verə biləcək amillərdən yalnız biri ola bilər. Ona görə də televiziyalar bu məsələlərdə həddən artıq həssas olmalıdırlar".
"Jurnalistlər özündən heç nə uydurmur"

Azərbaycan Jurnalistlər İttifaqının sədri, "Ayna-Zerkolo" qəzetinin baş redaktoru Elçin Şıxlı da ölkədə intihar hallarının artmasında mətbuatın günahkar kimi təqdim edilməsindən narazıdır:
"Bu cür fikirlər boş söhbətdir. İntihar hər bir adamın şəxsi faciəsidir. Media hadisə yaratmır və heç kəsi də intihara təhrik etmir. KİV-lər ancaq həyatda baş verən hadisələri ictimaiyyətə çatdırır. Bundan başqa bizim heç bir funksiyamız yoxdur. Televiziyalar xəbərlərin azı 60 faizini kriminal məlumatlara ayırır. Amma bunların heç birini jurnalistlər özündən uydurmur".
"Əlbəttə, bu normal hal deyil"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da həmkarları kimi mətbuatın günahkar elan edilməsi ilə razılaşmır:

"KİV-lərdə idmanın əksər növləri təbliğ olunur və başqa sahələrdən olan verilişlər yayımlanır, yaxud məlumatlar yazılır. Amma hamı idmanla məşğul olmur. Məgər boksla bağlı verilişlərin sayı artdıqda insanlar bir-birini yumruqlayır? Sadəcə çətinlik intihar edən insanların daxilindədir və onlar problemdən çıxış yolunu tapa bilməyəndə canlarına qıyırlar. Əlbəttə, bu normal hal deyil və dinimizə görə də haramdır. Allahın verdiyi əmanətə qıyan insana ən böyük cəza nəzərdə tutulur".
"Cəmiyyətin maraqlarını nəzərə almaq lazımdır"

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli isə media qurumlarına qarşı tənqidi fikirlər səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda intiharların işıqlandırılması ilə bağlı ciddi problemlər mövcuddur:
"Bəzən intihar edənin təsvirlərinə rast gəlinir, adları olduğu kimi təqdim olunur. Verilişlərdə intihar edən şəxsi buna sürükləyən amillər də göstərilir. Türkiyə və xarici mediada isə bu hadisələr xüsusi şərti işarələrlə təqdim olunur. Tövsiyə edirik ki, media bu cür məqamlara həssas yanaşsın. Bununla bağlı KİV-lər arasında kampaniya aparılmalı və xüsusi razılaşma əldə olunmalıdır. Fikrimcə, bu cür məsələlərdə oxu sayı arxasınca qaçmaq yox, cəmiyyətin maraqlarını nəzərə almaq lazımdır".
ATV qadağan edib
"Azad Azərbaycan" televiziya kanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu isə intiharların artmasında mətbuatın müəyyən rolunun olması barədə iradlarla razıdır:

"İrad tutan şəxslərin, ziyalılarımızın dediklərində müəyyən qədər həqiqət var. Çünki televiziyada daha çox hansı mövzu ilə bağlı veriliş gedirsə tamaşaçı psixoloji olaraq o istiqamətə yönəlir".
Baş redaktor ATV-nin məsələ ilə bağlı xəbər siyasətini də açıqlayıb:
"Bizdə yayımlanan xəbərlərdə intihar hadisələri ilə bağlı video çarxların verilməsi qadağan olunub. Həftədə bir dəfə kriminal veriliş yayımlanır. Veriliş gecə saat 00:00-dən sonra yayımlandığına görə orda müəyyən qədər bu cür hallar nümayiş olunur. Amma adi günlərin xəbər bülletenlərində intihar xəbərləri demək olar ki, verilmir".
Amid
AzNews.az