Bir şagirdə 1800 manatlıq “son zəng” - Bakıda məktəbdə pul QALMAQALI

Sosial şəbəkədə paytaxtın Nizami rayonundakı 251 saylı məktəbdə “son zəng” üçün şagirdlərdən 1800 manata yaxın pul yığılması iddia olunur.

AzNews.az xəbər verir ki, ayrı-ayrı səhifələrdə valideynlərin narazılığı vurğulanıb.

İddialara görə, 11-ci sinif şagirdlərinin iştirakı ilə tədbirin təşkili üçün hər şagirdlərdən 1800 manata yaxın vəsait toplanıb. Xərclərə restoran, rəqs proqramı, foto və video çəkilişləri, dron xidməti, şarlar, gül-çiçəklər, “vinetka” və digər daxil edilib.

Bundsan başqa, valideynlərdən 140 manat “müəllimlərlə sağollaşma pulu” alınıb.

“Son zəng” tədbirinin keçirilməsi üçün seçilən “Ay işığı” restoranı üçün hər şagirddən 150 manat tələb olunub.

Valideynlərdən biri restoranla əlaqə saxlayıb və müəssisə nümayəndəsi ona 1 nəfərlik xidmət haqqının 60-65 manat olduğunu bildirib.

Məktəbin feysbuk səhifəsində iddia olunan "son zəng"lə bağlı ümumiyyətlə heç bir foto-video material yoxdur.

251 saylı məktəbdən “Yeni Sabah”ın sorğusuna cavabda iddialar təkzib olunub.

“Əsassız iddiadır və belə bir şey baş verməyib”, - deyə adının çəkilməsini istəməyən məktəbin rəhbər şəxslərindən biri qeyd edib.