- İşin içi
- 12:15
- 1 138
Pambıq tarladan ixraca: Strateji aqrar sektoru böyüyür - ŞƏRH
2025-ci ildə 100,5 min hektar sahədə pambıq əkini aparılıb ki, bu da birillik əkinlərin təxminən 6,3%-ni təşkil edib. Ölkə üzrə orta məhsuldarlıq 36,1 sent/ha, istehsal həcmi isə 362,9 min ton olub.
APA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə Dövlət Proqramı çərçivəsində Sabirabadda keçirilən regional müşavirədə deyib.
Nazir qeyd edib ki, pambığın əsas emal məhsullarından olan mahlıcın istehsalı 97,0 min ton, iplik istehsalı 22 min ton, parça istehsalı isə 33,6 milyon m2 təşkil etmişdir. Həmçinin 2025-ci ildə ölkədən 114,3 min ton mahlıc, 15,1 min ton iplik və 12,8 milyon m2 parça ixrac edilib. 2025-ci ildə pambıqçılığın ümumi kənd təsərrüfatı və emalı ixracında tutduğu pay 13,3% olub:
Məcnun Məmmədovun açıqladığı rəqəmlər göstərir ki, pambıqçılıq Azərbaycanda təkcə kənd təsərrüfatı sahəsi deyil, həm də ixracyönümlü sənaye zəncirinin mühüm hissəsinə çevrilib. 2025-ci ildə 100,5 min hektar sahədə pambıq əkilməsi və 362,9 min ton məhsul istehsal olunması ölkənin strateji texniki bitkiçilik istiqamətində mövqeyini qoruduğunu göstərir.
Xüsusilə diqqət çəkən məqam məhsulun yalnız xammal kimi deyil, emal olunmuş şəkildə də iqtisadiyyata töhfə verməsidir. İl ərzində 97 min ton mahlıc, 22 min ton iplik və 33,6 milyon kvadratmetr parça istehsal edilməsi pambıqçılığın əkin sahəsindən başlayaraq sənaye müəssisələrinə qədər uzanan dəyər zənciri formalaşdırdığını nümayiş etdirir.
İxrac göstəriciləri də sektorun əhəmiyyətini təsdiqləyir. 2025-ci ildə 114,3 min ton mahlıc, 15,1 min ton iplik və 12,8 milyon kvadratmetr parça xarici bazarlara göndərilib. Bu isə o deməkdir ki, pambıqçılıq ölkəyə yalnız kənd təsərrüfatı gəlirləri deyil, həm də sənaye məhsulları ixracı hesabına valyuta qazandırır.
Bununla belə, rəqəmlər bir məsələni də ortaya qoyur. İstehsal olunan 362,9 min ton pambığın yalnız bir hissəsi yüksək əlavə dəyər yaradan hazır məhsula çevrilir. Uzunmüddətli perspektivdə əsas məqsəd mahlıc ixracını azaltmaq, iplik, parça və hazır tekstil məhsullarının istehsalını artırmaq olmalıdır. Çünki pambığın iqtisadi səmərəsi onun xammal kimi satılmasında deyil, emal dərinliyinin artırılmasındadır.
Pambıqçılığın ümumi kənd təsərrüfatı və emalı ixracında 13,3 faizlik paya malik olması bu sahənin Azərbaycanın qeyri-neft ixracında aparıcı istiqamətlərdən biri olduğunu göstərir. Qarşıdakı dövrdə tekstil və tikiş sənayesinə yatırımların artırılması pambıqçılığın ölkə iqtisadiyyatına verdiyi töhfəni daha da yüksəldə bilər.
Nuray
Aznews.az