- Köhnə - Cəmiyyət
- 14 Fevral 2014 18:57
- 4 525
Jurnalistlərin hədələnməsinə DİN-dən reaksiya

Vəhabilərin iki jurnalisti ölümlə təhdid etmələrinə Daxili İşlər Nazirliyindən reaksiya verilib. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov musavat.com-a açıqlamasında bildirib ki, onda adıçəkilən jurnalistlərin hədələndiyi barədə məlumat yoxdur.
Əgər hansısa jurnalist özünə təhlükə görürsə, Daxili İşlər Nazirliyinə müraciət eləsin: "Vətəndaşın təhlükəsizliyi dövlət tərəfindən qorunur. Əgər vətəndaş təhlükəsizliyinə hansısa problem görürsə, təhlükəsizliyinə təminat istəyirsə, müraciət edir və müraciətə uyğun olaraq da müvafiq tədbir görülür".
Xatırladaq ki, fevralın 14-də Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi radikal vəhabi təriqətinin üzvü olan dindarlar facebookda APA-nın əməkdaşı Hafiz Heydərovu və "APA Holding"a daxil olan "Kulis.az" saytının baş redaktoru Qan Turalını hədələyərək təhdid ediblər.
O APA İnformasiya Agentliyinin əməkdaşı Hafiz Heydərovun ünvanına da nalayiq ifadələr işlədiblər. Radikallar Qan Turalını İslamın düşməni adlandıraraq, onun bir neçə il əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının davamçısı olduğunu bildiriblər. Jurnalistin fotolarını paylaşan şəxslər bütün dindarlara onu tanımağı məsləhət görüblər: "Bu adam Rafiq Tağının davamçısı və İslamın düşmənidir. Bakıda yaşayır. Düşmənlərimizi tanıyaq".
AzNews.az