Lənkəranda əhalinin dispanserizasiyasına başlanıb - FOTO

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının Lənkəranda icrasına başlanılıb.

APA-nın cənub bürosunun məlumatına görə, bununla bağlı rayonun idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirilib, səhiyyə müəssisələrində tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıqlar verilib. Artıq ötən gündən etibarən Lənkəran şəhər poliklinikasında müayinələrə başlanıb. Səhər tezdən rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın poliklinikaya gələrək müayinədən keçiblər.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevin sözlərinə görə, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Xəstəlik aşkar olunan vətəndaşlar Lənkəranın tibb müəssisələrində pulsuz müalicə olunacaqlar. Müalicəsi mümkün olmayan xəstələr isə Bakı şəhərinin müvafiq səhiyyə ocaqlarına göndəriləcəklər.

İki gün ərzində 1500 nəfərə yaxın sakin müayinədən keçib və pasientlərdə ürək, qan-damar xəsətliklərinin üstünlük təşkil etdiyi məlum olub.

Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparacaq, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər.


AzNews.az