Milli Şuranın son sessiyasına az adam qatılıb - Səbəb

Milli Şuranın sonuncu sessiyası daha çox qurum üzvlərinin əksəriyyətinin tədbirə qatılmaması ilə yadda qalıb. Belə ki, Şuranın 88 üzvündən 42-si sessiyada iştirak etməyib.

Milli Şuranın sədri Cəmil Həsənli APA-ya bildirib ki, üzvlərin bəziləri səhhətində problem yaranması, bəziləri də xaricdə olmaları səbəbindən toplantıya qatılmayıb: "Bununla belə, yetərsay olub və tədbir keçirilib".

Milli Şuranın üzvü, "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev isə sessiyada 42 nəfərin iştirakını təbii sayır. O, APA-ya bildirib ki, yetərsay varsa, kifayətdir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, iclaslara qatılmaması ardıcıl xarakter daşıyan şəxslər Milli Şuranın üzvlüyündən azad ediliblər: "Bəzi şəxslər var ki, bir yığıncağa gəlmir, digərinə qatılırlar. Bu da başa düşüləndir ki, insanların müəyyən problemləri ortaya çıxa bilər. Əsas odur ki, Milli Şurada sessiyaların keçirilməsi üçün yetərsay problemi olmur".

Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı isə APA-ya açıqlamasında Milli Şuranın əvvəlki gücdə olmadığını etiraf edib: "Müsavat Partiyasının getməsi Milli Şuraya ciddi zərbə vurub. Həmçinin, bir çox istefalardan sonra Milli Şura kifayət qədər ciddi zərbə alıb, zəifləyib. Milli Şuranın yarandığı dövrlə müqayisədə nə qədər zəiflədiyini görürük. Bununla yanaşı, qurum öz gücünü bərpa etmək istəyir. Fikrimcə, yeni üzvlərin Milli Şuraya qəbulu, yeni Əsasnamənin qəbulu qurumun iş prosesinin yaxşılaşmasına təsir göstərəcək".

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında deyib ki, Milli Şura yarananda 131 üzvü olub: "Həbsdə olanlar, Milli Şuradan çıxanlar var. İndi deyirlər ki, Milli Şuranın 88 üzvü qalıb. Əgər 88 nəfərdən həbsdə olanları da nəzərə alsaq, onda belə çıxır ki, artıq 42 nəfərlə də yetərsay ola bilər. Amma sessiyada az adamın olması Milli Şuraya marağın nisbətən azalması ilə bağlıdır. Başqa heç bir səbəb görmürəm".

Milli Şuranın üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil APA-ya deyib ki, adətən seçki ilə bağlı yaranan qurumlarda seçkidən sonra dağılma prosesi gedir: "Bu, Milli Şuraya da aiddir".

Onun sözlərinə görə, Milli Şurada seçkidən sonra böhran vəziyyəti yaşayıb və bu vəziyyət qurumun seçki ilə əlaqədar yaranması səbəbindən baş verib: "Milli Şura yarananda ümumi vəziyyətə nəzər salsaq görərik ki, qurum seçki ərəfəsində yaradılmışdı və ora kifayət qədər qüvvə cəlb olunmuşdu. Faktiki, Müsavat Partiyasının və "El" Hərəkatının qurumu tərk etməsindən sonra Milli Şura böhran vəziyyəti yaşadı. Qurumun taleyinin necə olacağını gələcək müəyyən edəcək. Hər halda KXCP ümid edir ki, Milli Şura özündə güc tapacaq və formalaşacaq".

B. Əbil qeyd edib ki, Milli Şurada davam edən qarşılıqlı ittihamlar qurumun işinə ziyan vurur: "Arzulayardıq ki, qurum üzvləri arasında ittihamlar davam etməsin. Bu cür ittihamlar Milli Şuranın böhran yaşadığı dövrdə olmamalıdır".


Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə fərqli düşünür. O, APA-ya bildirib ki, Milli Şuranın üzvləri dənlənə-dənlənə gedir, qalanlar da digər yerlərdə özlərinə hələ yer tapmayıblar, ona görə oradadırlar: "Qalanlar da dağılışıb gedəcək. Çünki Milli Şura ölü bir təşkilatdır. Milli Şura ölülüyünü həm seçkilərdə, həm də seçkilərdən sonra üzvlərinin bir-birlərinə qarşı ittihamlarında göstərdilər. Azərbaycan xalqı da gördü ki, onlar şəxsi maraqları naminə toplaşmışdılar ki, hardansa qazanc əldə etsinlər. Onlara vəd verən insanlar vəsaitin bir hissəsini verdilər, qalan pulları götürüb oradan uzaqlaşdılar. Yəni öz işlərini qurtarıb getdilər. Bu baxımdan Milli Şurada qalmağın heç bir perspektivi, məntiqi yoxdur. Hər partiya artıq öz fəaliyyəti ilə məşğul olur, çıxıb gedir. Milli Şurada qalan AXCP-yə gəlincə, AXCP də dağılmış təşkilatdır. Milli Şurada AXCP-nin təmsilçiləri Əli Kərimlinin özü, sürücüsü, cangüdəni, yanındakı 2-3 nəfərdir. Qalanların içərisində nümunə göstəriləcək insanlar yoxdur. Vaxtilə 15 komissiya sədri vardı, indi heç biri yoxdur. Ölmüş təşkilatdır, nə sessiyası, nə hər hansı işi cəmiyyəti maraqlandırır".



AzNews.az