Ceyhun Qurbanov şəxsiyyət vəsiqəsi olmadığı üçün təhsil almaqdan da məhrum olub Ceyhun Qurbanov şəxsiyyət vəsiqəsi olmadığı üçün təhsil almaqdan da məhrum olub

15 yaşlı uşaq hökumətdən kömək istədi

Ceyhun Qurbanov şəxsiyyət vəsiqəsi olmadığı üçün təhsil almaqdan da məhrum olub



Bakı şəhər sakini Qurbanov Ceyhun Əli oğlu 15 yaşına çatmasına baxmayaraq, hələ doğum haqqında şəhadətnamə ala bilmir. Bu barədə Az.News.az-a Ceyhunun özü və yaxınları məlumat verib.

Qurbanov Ceyhun 1997-ci il fevralın 13-də Bakı şəhəri Binəqədi rayonunda yerləşən 6 saylı doğum evində anadan olub. Lakin valideynlərinin rəsmi nikahının olmamasını əsas gətirən dövlət orqanları Ceyhuna şəhadətnamə verməkdən imtina ediblər. Ona görə də, indiyə qədər sənədsiz böyüyən Ceyhunu məktəbə götürmürlər. Bir neçə il öncə C.Qurbanov təhsil almaq üçün Nəsimi rayonundakı 71 saylı qaçqın və məcburi köçkünlər üçün məktəbə gedə bilib. Bir müddət sonra isə onu şəhadətnaməsi olmadığına görə məktəbdən çıxarıblar. Bu səbəbdən də bir az üzündən oxumağı öyrənə bilsə də, yazmağı ümumiyyətlə, bacarmır.

Ceyhunun başına gələnlər bununla bitmir. O, bir neçə il ərzində hər iki valideynini itirib. Atası 2006-cı ildə, anası isə 2010-cu ildə vəfat edən Ceyhun 6 yaşlı bacısı ilə birlikdə xalasının himayəsində yaşayır. Özünün dediyinə görə, xalası dəfələrlə 6 saylı xəstəxanaya müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməkdən imtina ediblər. Belə davam edərsə, o, bir ildən sonra şəxsiyyət vəsiqəsi də ala bilməyəcək. Bəs Ceyhun indi nə etsin? Valideynlərinin rəsmi nikahının olmamasının əziyyətini o çəkməlidirmi?

Əslində doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində müraciət edilməlidir. Doğum haqqında şəhadətnamə üçün tələb olunan sənədlər arasında isə valideynlərin nikah haqqında şəhadətnaməsi də var. Ceyhunun problem də elə bundadır.

"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev isə deyir ki, bu problemi həll etmək üçün valideynlərin rəsmi nikaha daxil olması olması şərt deyil. Yəni həlli mümkündür: "Əslində nikah olmasını tələb edən rəsmi orqanların da günahı yoxdur. Çünki qayda belədir. Ancaq uşağı himayəyə götürən şəxs yaşadıqları ərazi üzrə qeydiyyat idarəsinə getməklə və valideynlərinin ölüm haqqında şəhadətnaməsini təqdim etməklə ona sənəd tələb etməlidir. Əgər tələb yerinə yetirilməzsə, məhkəməyə müraciət edilməlidir. Çünki bütün hallarda hər- hansı vətəndaş sənədsiz qalmamalıdır".

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin Sədri Nazir Quliyev də nikah haqqında şəhadətnamə olmadan Ceyhunun doğum haqqında şəhadətnamə ala biləcəyinin mümkün olduğunu bildirdi. Onun sözlərinə görə, indi əsas uşağın himayəyə götürülməsi barədə yaşadığı rayonun İcra Hakimiyyəti və ya Təhsil İdarəsində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına rəsmi şəkildə müraciət edilməldir. Bundan sonra həmin komissiya məsələnin həlli üçün lazım olan addımları atacaq: "Onu da deyim ki, nikah müqaviləsi olmadan da ananın şərhi ilə öz şəxsiyyət vəsiqəsini və uşağın doğum evindən arayışını təqdim etməklə də vaxtında şəhadətnamə alına bilərdi. Bu zaman uşaq ananın soyadını daşıyır".

Ancaq hüquqşünas onu da bildirdi ki, bu günə kimi Ceyhunu şəhadətnaməsiz yaşaması və məktəblərə qəbul edilməməsi, problemin həll olunmaması uşaq müdafiəsi sistemində çox böyük boşluq olmasının göstəricisidir. Uşaq Hüquqları Klinikasının əməkdaşı İradə Həsənova da məsələnin məhkəmə yolu ilə həll edilib, şəhadətnamə verilə biləcəyini qeyd etdi.

Məsələni diqqətdə saxlayacağıq.


Sevinc Fədai
AzNews.az