Anarın şairlə bağlı müraciəti yenə yoxa çıxdı

"İndi nisbətən yaxşıyam. Yavaş-yavaş yeriməyə başlamışam. Amma müalicə mütəmadi aparılmalıdır".


Bunu AzNews.az-a qara ciyər serozundan əziyyət çəkən şair Adil Mirseyid deyib.


Şair ona kömək üçün edilən müraciətlə bağlı danışarkən deyib ki, hələlik heç bir xəbər yoxdur: "Vallah, mən bilmirəm Yazıçılar Birliyi kimə və necə müraciət edib. Görünən budur ki, hələ mənə o müraciətlə bağlı heç bir məlumat deyilməyib".

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza isə şair Adil Mirseyidlə əlaqədar edilən müraciətin taleyi ilə bağlı AzNews.az-a maraqlı açıqlama verib: "Budəfəki müraciətdən də xəbər yox idi. Fikrət müəllim yenidən xatırlatdı. Yenə də yadlarına saldı".

Xatırladaq ki, Yazıçılar Birliyi şair Adil Mirseyidin müalicəsi ilə əlaqədar iki ay bundan öncə dövlət qurumlarından birinə müraciət ünvanlayıb.

Həmin müraciət bir dəfə göndərilən ünvanda it-bata düşüb. Bundan sonra ikinci dəfə müraciət ünvanlanıb. Amma ikinci müraciətə də qurumdan rəsmi cavab verilməyib.

Bahar Rüstəmli
AzNews.az